Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2017-ci ildə kompüter elektronikası və mobil telefonların tədarük həcmində artım qeydə alınmayacaq


“Gartner” analitik şirkətinin proqnozuna əsasən, 2017-ci ildə kompüter elektronikası və mobil telefonların qlobal tədarük həcmi ötənilki səviyyəsində qalacaq. Mütəxəssislərin qiymətləndirməsinə görə, cari ildə istehsalçılar ümumilikdə təxminən 2.32 milyard qurğu istehsal edəcəklər və bu, 2016-cı ilin göstəricisi ilə eynidir.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin araşdırmasına görə, 2016-cı ilin sonuna olan vəziyyətə əsasən, təxminən 7 milyard kompüter qurğusu və mobil telefon istifadəçilərin sərəncamında olub.

“Gartner” şirkətinin hesablamasına görə, ötən il “Windows 10” əməliyyat sistemi ilə işləyən masaüstü kompüter, noutbuk, hibrid modellər və “Apple MacBook Air” nazik leptoplarının tədarük həcmi 268 milyona bərabər olub. Planşetlərin tədarük həcmi 168 milyon, mobil telefonlarda isə 1.8 milyard təşkil edib. 2017-ci ildə yuxarıda sadalanan kateqoriyalar üzrə göstəricilər 266 milyon, 165 milyon və 1,89 milyard səviyyəsində gözlənilir.

"Dünya qurğular bazarında durğunluq müşahidə olunur. Mobil telefonların tədarükü yalnız inkişaf etməkdə olan regionlarda artır və fərdi kompüter (FK) seqmenti pis günlərini yaşayır" – “Gartner”in tədqiqatlar üzrə direktoru Rancit Atval deyib.

İstehlakçılar daha az yeni FK və noutbuk satın alırlar. Onlar virtual reallıq eynəyi və şlemi, səsli assistentə malik smart kolonkalar və daşınan qurğulardan istifadədə maraqlıdırlar" – mütəxəssis izah edib.

Emil Hüseynov





12/01/17    Çap et