Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Messencerlər ən populyar əlavələr olaraq qalır


“Flurry” tədqiqat agentliyi hesabat dərc edərək 2016-cı ildə mobil proqramlardan istifadənin ümumi artımının 2015-ci ildəki 58 faizə nisbətdə 11 faiz təşkil etməsini açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, ötən il ən çox istifadə edilən proqramlar gözlənildiyi kimi, “Facebook”, “Messenger”, “Google”, “Gmail”, “Instagram”, “Amazon”, “Apple Music” və s. olub. Analitik şirkət statistikanın yaradılması üçün 3,2 milyard iş sessiyası zamanı 2,1 milyard qurğuda işə salınan 940 min əlavə haqqında məlumatları təhlil edib. Lakin bazarın həcmində artımın xeyli zəifləməsinə baxmayaraq istifadəçilər əlavələrdə bir il əvvəlkindən 69 faiz çox vaxt keçiriblər.  

Hesabata görə, ən populyar əlavələr sosial şəbəkələr və messencerlər olaraq qalır. Onların populyarlığı 2015-ci illə müqayisədə 44 faiz, onlayn ünsiyyətdə keçirilən vaxt isə 394 faiz artıb. Buna mobil qurğuların sayının artması, ucuz internetin yaranması, messencerlərdə yeni funksiyalar, bir sıra populyar proqramlarda zənglər və videozənglər etmək imkanı, eləcə də ümumilikdə həyatı messencerlərsiz və smartfonlarsız təsəvvür etməyən “i nəsli”nin böyüməsi zəmin yaradır. Messencerlərin populyarlığına xidmət edən daha bir vacib amil onlayn ünsiyyət zamanı məxfilik və mühafizə səviyyəsinin gücləndirilməsidir.

Mobil oyunların populyarlığında azalma qeydə alınıb. Buna unikal layihələrin sayının az olması və fərdi kompüter və konsollar tərəfindən kəskin rəqabətin səbəb olması qeyd olunur.

Əlavələrin işə salındığı mobil qurğuların payı orta hesabla dəyişməz qalıb. 2016-cı il ərzində böyük və kiçik planşetlər hərəyə 1 faiz itki ilə üzləşsə də, orta ölçülü smartfonları sıxışdıran böyük ekrana malik qurğuların payı yüksəlib.

“Flurry” diqqəti bütün böyük oyunçuların daxilində istifadəçiləri hər vəchlə saxlamağa çalışan ekosistemlər yaratmasına yönəldir. Bu istiqamətdə iki il ərzində əsasən ABŞ bazarında populyarlığını artıran “Amazon” şirkəti seçilir. “Flurry “ qeyd edir ki, mobil əlavələr və oyunların populyarlığı tədricən azalaraq mövqeyini stabil mövcud olan əlavələr dövrünə verir. Oyunların populyarlığında kəskin azalma müşahidə olunur. “Pokemon GO” oyununa marağın tez azalması buna əyani sübut kimi göstərilir.

Nizam Nuriyev 





16/01/17    Çap et