"Ağıllı" saatlar xəstəlik haqda xəbərdarlıq edəcək
ABŞ-ın Stenford Universitetində Maykl Snayderin rəhbərliyi altında çalışan alimlər komandasının qənaətinə görə, qan təzyiqi, nəbz, dərinin temperaturuna nəzarət edən və başqa "ağıllı" sensorlarla təchiz edilmiş daşınan cihaz öz sahibini təhdid edən xəstəliyin əlamətlərini əvvəlcədən aşkar etmək qabiliyyətinə malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “
hitech.vesti.ru” saytına istinadən yazır ki, 43 nəfərdən ibarət sınaq iki il davam edib. Bu müddət ərzində sınaq iştirakçıları adi həyat tərzi sürüblər, alimlər komandası isə qeydə alınmış ölçmələri bu və ya digər hadisələrlə (səyahət, yuxu problemi, soyuqdəymə və sairə) tutuşdurublar. Məlum olub ki, “ağıllı” saat, bilərzik və başqa "əl" elektronikası insanın ümumi sağlamlıq vəziyyətini izləmək və öz sahibini normadan sapmalar barəsində xəbərdar etmək qabiliyyətinə malikdir.
Məsələn, daşınan cihazlar yaxınlaşmaqda olan yorğunluq barəsində xəbərdarlıq edib, çünki uçuş zamanı könüllülərdən birinin qanında aşağı oksigen səviyyəsi qeydə alınıb.
"Beləliklə, yığcam biosensorlar insan fiziologiyası və aktivliyinin izlənilməsi üçün faydalı məlumatlar təqdim edir" – alimlər bildiriblər. Hazırda Maykl Snayderin komandası naxoşluğu yüksək dəqiqliklə müəyyənləşdirən alqoritmlərin hazırlanması üzərində işləyirlər.
Emil Hüseynov