Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Robot texnikası bazarının həcmi iki dəfə artacaq


Dünya robot texnikası bazarının həcmi 2020-ci ilədək iki dəfədən çox artaraq 2016-cı ildəki 91,5 milyard dollara nisbətdə 188 milyard dollar təşkil edəcək. Bu barədə “International Data Corporation” (IDC) şirkətinin hesabatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Payspacemagazine” resursuna istinadən yazır ki, “IDC” ekspertləri tədqiqatın aparılması üçün robot texnikası sistemləri, aparat sistemləri, proqram təminatı və kommersiya robot texnikası xidməti ilə bağlı məlumatlara əlavə olaraq kommersiya pilotsuz uçan aparatlarının alışı və xidməti üzrə göstəriciləri də daxil ediblər.  

Hesabata görə, robotların 60 faizi istehsalatda qaynaq, yığım, rəngləmə və materialların qarışdırılması kimi vəzifələri yerinə yetirir.

2016-cı ildə robot texnikasına daha çox mədən sahəsi (8 milyard dollar), xidmət sahəsi (6,5 milyard dollar) və səhiyyə (4,5 milyard dollar) kimi sənayelər vəsait sərf edib. Növbəti bir neçə il ərzində bu sahələrin robot texnikasından istifadədə lider statusuna malik olacaqları gözlənilir.

Robot texnikası üçün ən çox xərclər Asiya-Sakit okean regionunun, o cümlədən Yaponiyanın payına düşüb. Region ölkələri qlobal xərclərin ümumi məbləğinin 2/3 hissəsini sərf ediblər. Avropa, Yaxın Şərq və Afrika 2016-cı ildə robot texnikasına 14,7 milyard dollar, Şimali və Cənubi Amerika 12,9 milyard dollar yatırıb.

Ekspertlərin proqnozlarına görə, 2015-2020-ci illərdə Asiya-Sakit okean regionunda robot texnikası üçün xərclər 2 dəfədən çox artacaq.

Nizam Nuriyev 





21/01/17    Çap et