Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“5G” şəbəkələrinin dünya iqtisadiyyatına təsiri öyrənilib


“Qualcomm” şirkəti beşinci nəsil mobil rabitə şəbəkələrinin (5G) dünya iqtisadiyyatına və sosial aspektlərə təsirinə həsr edilən tədqiqatın nəticələrini açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, tədqiqatın nəticələri “5G”-nin dünya iqtisadiyyatına nə dərəcədə təsir etməsini və bizneslə bağlı qərarlar qəbul edən texnologiya və digər sahə şirkətlərinin nümayəndələrinin əksər hissəsinin şəbəkənin mahiyyətinin dəyişməsinə inamını göstərir.  

Tədqiqatdan məlum olub ki, “5G”-nin təşəkkülü sayəsində mobil texnologiyalar istehlak sektoru və başlıca innovasiyalar olan elektroenergetika, maşınqayırma kimi baza infrastrukturları üçün əsas olacaq, tam yeni sahələrin yaranması ilə nəticələnəcək. “5G” təkcə insanları insanlarla, informasiya ilə birləşdirməyə imkan verən texnologiya birləşməsi yaratmağa deyil, insanları bütün qurğulara qoşan vahid şəbəkə formalaşdırmağa yol açacaq.

Hesabata görə, “5G”-nin iqtisadi potensialının bütün dünyada həyata keçiriləcəyi 2035-ci ilədək geniş spektr sahələr - pərakəndə satışdan tutmuş, təhsilədək, nəqliyyatdan tutmuş, əyləncə sahəsinədək beşinci nəsil mobil rabitə sayəsində reallığa çevriləcək 12,3 trilyon dollar məbləğində məhsul və xidmətlər istehsal edə biləcək. Həmçinin “5G” 2035-ci ilədək təxminən 3,5 trilyon dollara bərabər olan gəlir mənbəyinə çevrilərək 22 milyon iş yeri yaradacaq. Vaxt ötdükcə - 2020-2035-ci illərdə “5G”-nin dünya ümumi daxili məhsulunun (ÜDM) ümumilikdə 3 trilyon dollar məbləğində real artımını stimullaşdıracağı gözlənilir.

İqtisadi tədqiqatı tamamlayan sorğu təsdiq edib ki, dünyada biznes sahəsi üzrə qərarlar qəbul edən nümayəndələr və ictimai fikir liderləri “5G”-nin cəmiyyət və iqtisadiyyat üçün faydalı islahatlara xidmət edərək yeni məhsullar və xidmətlər yaratmağa, məhsuldarlığı artırmağa və yeni sənaye sahələri formalaşdırmağa imkan verəcəyini gözləyirlər. Rəyi soruşulanların 90 faizindən çoxu “5G”-nin hazırda mövcud olmayan yeni məhsul, xidmət və istifadə variantlarının yaranmasını mümkün edəcəyinə inandığını bildirib.

Tədqiqat “IHS Markit”, “PSB” şirkətləri və aparıcı iqtisadçı, professor Devid Tis ilə birlikdə aparılıb.

Nizam Nuriyev 





23/01/17    Çap et