Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pnevmoniya xəstəliyinin diaqnostikası üçün “ağıllı” gödəkcə icad edilib


"Ağıllı" cihazların sayı saatbasaat artır və sözügedən qurğulardan yalnız gündəlik məsələlərin həllində deyil, həm də təhlükəli vəziyyətlərin diaqnostikasında istifadə etmək mümkündür. Məsələn, uqandalı mühəndislər qrupu bu yaxınlarda pnevmoniyanın diaqnostikası üçün gödəkcə icad ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, yeni qurğunun yaradılması ideyası Uqanda Universitetinin doktoru Oliviya Koburonqo tərəfindən verilib və cihaz "Mama-Ope" (“ana ümidi”) adlandırılıb. Bu ad təsadüfi seçilməyib: belə ki, hər il Uqandada pnevmoniyadan 24  mindən çox uşaq dünyasını dəyişir. Uqanda malyariya xəstəliyinin yayılması üzrə endemik regiondur və çox vaxt ağciyər xəstəliyinin təzahürü parazit infeksiyası kimi qəbul edilir. Bu halda lazımi testlərdən keçmək imkanı sadəcə yoxdur.

Pasiyenti yoxlamaq üçün gödəkcəni geyinmək lazımdır. Bundan sonra gödəkcə hərarəti, tənəffüs hərəkətlərinin tezliyini ölçəcək, ağciyərlərin auskultasiyasını və ürəyin işini yoxlayacaq və toplanılmış məlumatları “Bluetooth” texnologiyasının köməyi ilə xüsusi mobil tətbiqə göndərəcək. "Mama-Ope" qurğusunun prototipi pnevmoniya xəstəliyinə həkimdən üç dəfə daha sürətli diaqnoz qoyur və müəlliflər hazırda "ağıllı" gödəkcənin kliniki sınaqlarının keçirilməsi və tibbi cihazın kütləvi istehsala buraxılması üzərində işləyirlər.

Emil Hüseynov





24/01/17    Çap et