Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron poçtun yaranmasından 40 il ötür


Elektron poçt təxminən 40 il bundan əvvəl yaranıb. Tarixdə ilk poçt proqramının müəllifi və ilk elektron məktubun göndəricisi professor Rey Tomlinson ilk məlumatın göndərildiyi tarixi dəqiq xatırlaya bilmir və bəzi məlumatlara görə, bu gün şərti olaraq 2 oktyabr 1971-ci il hesab edilir.

Elektron poçtun “atası” adlandırılan R.Tomlinson əslində “email”i olduğu şəkildə kəşf etməyib. Hələ 1965-ci ildə ABŞ-ın Massaçuses Texnoloji Universitetinin alimləri məlumat mübadiləsi etməyə imkan verən proqram hazırlayıblar.

Lakin, proqramın bir əhəmiyyətli qüsuru olub, belə ki, məktubu göndərən və alan eyni kompyuterdən istifadə etməli idi. Məhz R.Tomlison müxtəlif yerlərdə yerləşən kompyuterlər arasında elektron yolla məlumatların ötürülməsini mümkün edib.

Təəssüf ki, professor dünyada ilk elektron məktubun dəqiq mətnini də yadına sala bilmir. O, yalnız bu əlamətdar hadisənin 1971-ci ilin payızında baş verdiyini yadda saxlayıb.

İlk məlumat R.Tomlinsonun laboratoriyasında olan kompyuterlərin birindən qonşuluqda yerləşən digər kompyuterə göndərilib. Professor proqramın işlədiyinə əmin olana kimi məlumatı bir kompyuterdən digərinə dəfələrlə göndərib.

Çox keçmədən o, ilk məktubu Arpanet (müasir internetin sələfi) şəbəkəsində həqiqətən də uzaq məsafədə yerləşən kompyuterə yollayıb. Məhz R.Tomlinson istifadəçinin adını kompyuterin adından fərqləndirmək üçün “@” işarəsindən istifadə etməyi təklif edib.

Qeyd etmək lazımdır ki, o zaman ilk poçt proqramından istifadə edə bilən insanların sayı sadəcə olaraq bir neçə yüzdən çox olmadığına görə professorun elektron poçt kəşfi çox uğur qazanmamışdı.

Lakin ötən 40 il ərzində çox şey dəyişib və elektron poçtdan istifadə edənlərin sayı daima artır. Belə ki, 2011-ci ilin əvvəlinə olan məlumata görə, istifadəçilərin sayı 2010-cu ildə 480 milyon artaraq 1,88 milyard nəfər təşkil edib (planet sakinlərinin dörddə birindən çoxu).

Bundan başqa, e-poçt ünvanlarının ümumi sayı 2,9 milyarda çatıb. Son illər “email”in populyarlığının azalması və tezliklə onun sosial servislərlə əvəzlənməsi barədə fikir yaransa da, statistika təsdiq edir ki, elektron poçtdan ildən-ilə daha çox insan istifadə edir.

Eyni zamanda, texnologiyaların sürətli inkişafı mübahisəedilməz faktdır və artıq indi bəzi alimlər gələcəyin elektron poçtunu yaradırlar. Belə ki, onlar iddia edirlər ki, fikirlərin ötürülməsi vasitəsilə ünsiyyət qurmaq imkanı yaransa, poçt serverlərinə və kompyuterə ehtiyac olmayacaq.




30/09/11    Çap et