2016-cı ildə qlobal smartfon istehsalının həcmi 4.7% artıb
“TrendForce” analitik şirkətinin ekspertlərinin məlumatına görə, 2016-cı ildə qlobal smartfon istehsalının həcmi 4.7% artaraq 1.36 milyard aparat təşkil edib. Mütəxəssislər qeyd ediblər ki, “Samsung” şirkəti “Galaxy Note 7” qurğusu ilə bağlı uğursuzluğa baxmayaraq smartfon bazarının lideri adını qoruyub saxlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, ancaq mütəxəssislər hesab edirlər ki, ötən il Cənubi Koreya şirkəti üçün çox çətin olub. “Note 7” smartfonlarının batareyasında nasazlıq səbəbindən şirkət 2016-cı ildə planlaşdırılmış tədarük həcminə nail olmayıb. “Samsung”, həmçinin smartfon bazarının payının azalmasını dayandırmağa nail olmayıb: 2014-cü ildə sözügedən şirkətin qlobal smartfon bazarına tədarükü 28% olduğu halda 2015-ci ildə bu göstərici 24.7%, 2016-cı ildə isə 22.8% təşkil edib.
“Samsung” şirkətinin smartfon bazarında payının azalması Çinin “Huawei”, “Oppo” və “Vivo” kimi brendlərinin güclənməsi ilə izah olunur. Ötən ilin nəticəsinə görə, bu şirkətlər aparıcı smartfon brendlərinin reytinqində 3-5-ci yerləri tutublar. “Apple” şirkətinin smartfon bazarında payı 15.3% təşkil edib.
Bundan başqa, Çinin daha 4 şirkəti (“Xiaomi”, “Lenovo”, “TCL” və “ZTE”) smartfonların top 10-da qərarlaşıb. “TrendForce” şirkətinin məlumatına görə, Çinin smartfon istehsalçıları ötən il 629 milyon smartfon istehsal edərək “Samsung” və “Apple” şirkətlərinin ümumi göstəricisini (519 milyon) ötüblər.
“TrendForce” analitik şirkətinin 2017-ci il üzrə proqnozuna görə, dünya smartfon istehsalının həcmi 1.46 milyarda yaxınlaşacaq.
Emil Hüseynov