Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” “4K” smartfon təqdim edəcək


Yaponiyanın “Sony” şirkəti “MWC 2017” sərgisi çərçivəsində dünya ictimaiyyəti üçün ikinci “4K” formatlı smartfonun nümayişini planlaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, “Sony Yoshino” smartfonu 3842x2160 piksel təsvir ölçülü 5,5 düymlü ekran, 6 giqabaytlıq operativ yaddaş, “Snapdragon 835” prosessoru və yaxşılaşdırılmış kamera modulu ilə təchiz ediləcək. Foto və video çəkilişləri üçün istənilən şəraitdə yüksəkkeyfiyyətli foto və video materiallar yaratmağa imkan verən “Sony IMX400” kamerası nəzərdə tutulub.

“Sony” qabaqcıl smartfonla kifayətlənməyərək "Mineo”, “Hinoki”, “Keyaki” və “BlancBright” adlı daha dörd model hazırlamaq qərarına gəlib. Sonuncu model “Sony Yoshino” ilə oxşar platforma ilə işləyərək "QuadHD” displeyindən (2560x1440 piksel) istifadə edəcək. Üç əsas modeldə “MediaTek” çipinin quraşdırılması planlaşdırılır.

Xatırladaq ki, "Sony” ilk "Xperia Z5 Premium” “4K” smartfonunu 2016-cı ildə nümayiş etdirib. Lakin “Snapdragon 810” prosessorunun zəif olmasına görə, smartfon tez-tez vəzifəsinin öhdəsindən gələ bilməyib, eləcə də yüksək təsvir ölçülü ağır proqram və oyunların sərbəst işini təmin etməyib.

Nizam Nuriyev 





27/01/17    Çap et