Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ötən il məlumat sızması nəticəsində 4,2 milyard informasiya oğurlanıb


2016-cı il ərzində dünyada 4 129 məlumat sızma halının baş verməsi nəticəsində 4,2 milyard informasiya oğurlanıb. Bu barədə “Risk Based Security” şirkətinin hesabatında deyilir. Məlumat sızma halları üzrə lider 47,5 faizlə ABŞ olub.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, məlumata görə, ümumilikdə 3,9 milyard məlumatın üstünü açan sızmaların əksər hissəsi (2213) müdaxilələr nəticəsində baş verib və resurslara qeyri-qanuni müdaxilə üçün ən geniş yayılmış üsul “SQL” kodunun tətbiqi olub. Orta hesabla hər insident 1,7 milyon informasiyaya aid edilib. Təkcə “FriendFinder Networks”, “MySpace” və “Yahoo!” şirkətlərinə edilən müdaxilələr nəticəsində 2,2 milyard informasiya internetə sızıb.

“Skimming” və “fishing” şirkətləri müvafiq olaraq 482 və 203 məlumat sızmasına səbəb olub. 137 insident proqram təminatının və ya qurğuların itirilməsi və ya oğurlanması səbəbindən baş verib.
 
Tədqiqatçılar, həmçinin 2015-ci illə müqayisədə istifadəçi məlumatlarına aid insidentlərin sayının azalmasını qeyd ediblər. Belə ki, 2015-ci ildə orta hesabla sızmaların 50 faizi parolların üstünü açıbsa, 2016-cı ildə bu göstərici 38,1 faiz təşkil edib. Bununla belə, dəqiq rəqəmləri nəzərdən keçirdikdə, tam başqa mənzərənin şahidi olmaq mümkündür. 2015-ci ildə oğurlanan parolların sayı 151 milyona bərabər olsa da, bir il sonra bu göstərici 3,2 milyardadək artıb. Yəni, sızma halları azalsa da, onlar daha çox istifadəçiyə şamil edilib.

Nizam Nuriyev 





30/01/17    Çap et