Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft”: “Windows 10” kompüterlər üçün əməliyyat sistemləri bazarında liderdir


“Microsoft” şirkətinin məlumatına görə, “Windows 10” dünyada masaüstü kompüterlər üçün ən populyar əməliyyat sistemidir. Proqram nəhənginin məlumatları müstəqil ekspertlərin hesablamaları ilə uyğun gəlmir.

“Microsoft” şirkətinin məlumatına istinadən “Softpedia” internet nəşri yazır ki, hazırda dünyada masaüstü kompüterlərin 46%-i “Windows 10” əməliyyat sistemi ilə işləyir. “Windows 7” və “Windows 8.1” əməliyyat sistemlərinin payı müvafiq olaraq 39% və 13% hesablanır.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, proqram nəhənginin rəsmisi bildirib ki, statistika 2016-cı ilin noyabrında toplanılmış məlumatlar əsasında tərtib edilib.

“Microsoft”un məlumatlarına əsasən, “Windows 10” sisteminin bazar payı 2015-ci ilin iyulundan etibarən sürətlə artıb, amma son aylar “Windows 7”  və “Windows 8.1” sistemləri ilə işləyən kompüter istifadəçiləri üçün pulsuz quraşdırmanın dayandırılması səbəbindən artım tempi zəifləyib.

Qeyd etmək lazımdır ki, “Microsoft”un məlumatları “NetMarketShare” və “StatCounter” xidmətlərinin informasiyasından fərqlənir. Belə ki, 2016-cı ilin dekabrına olan məlumata görə, dünyadakı kompüterlərin 27.2%-i “Windows 10” əməliyyat sistemi ilə işləyir. “Windows 7” sisteminin bazar payı 40.2% təşkil edir. “Apple” şirkətinin “macOS” (11%) platforması ilk üçlükdə qərarlaşıb.

“NetMarketShare” tədqiqat şirkətinin məlumatına görə, 2016-cı ilin dekabrında “Windows 7” sisteminin bazar payı 48.3%, “Windows 10” platformasında isə 24.4% təşkil edib.

“NetMarketShare” və “StatCounter” xidmətlərinin statistikasına görə, “Windows 10” əməliyyat sisteminin mövqeyi ancaq “Microsoft” şirkətinin qələmə verdiyi sürətdə olmasa da, güclənməyə davam edir.

Emil Hüseynov





31/01/17    Çap et