“Microsoft” şirkəti yeni əməliyyat sistemi hazırlayır
“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin yeni modifikasiyasını çıxarmağa hazırlaşır. Bu, “Windows” tərtibatçılarının alətlər dəsti və məhsulun açarlarının konfiqurasiya fayllarında “Windows Cloud” ifadəsinin işlədilməsi ilə izah edilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
hitech.vesti.ru” saytına istinadən yazır ki, “Microsoft” şirkətində yaxşı əlaqələrə malik “ZDNet” nəşrinin jurnalisti Meri Co Folinin məlumatına görə, “Windows 10” əməliyyat sisteminin yeni variantı bir növ “Windows RT” mobil əməliyyat sisteminin dirçəldilməsi anlamına gəlir. “Windows Cloud” modifikasiyasının əsas özəlliyi ona “Windows” mağazası vasitəsilə yayılan universal “Windows” proqramlarından başqa hər hansı proqram təminatı quraşdırmağın qeyri-mümkünlüyüdür.
“Windows” mağazasında olmayan proqramlardan istifadənin qeyri-mümkünlüyü fərdi istifadəçilər və bir çox korporativ müştərilər üçün narahatçılıq yaratsa da, bir sıra sahələrdə belə xüsusiyyətə böyük tələbat var. Təhsil müəssisələri “Windows Cloud” sisteminin əsas sifarişçisi ola bilərlər. Məlumat üçün, son illərdə təhsil sahəsində “Google” şirkətinin “bulud” “Chrome OS” sistemi ilə işləyən xrombuklarından istifadə edilir.
“Windows 10” sisteminin yeni variantı zərərverici proqram təminatı və kənar proqramların icazəsiz quraşdırılması ilə bağlı başqa təhlükələrə qarşı dayanıqlı olacaq. Həmçinin “Microsoft” şirkətinin güclü "bulud" inzibatçılıq alətləri “Windows Cloud” sistemi ilə işləyən kompüterləri istifadəçilərin düşünülməmiş hərəkətlərindən qorumağa kömək edəcək.
Emil Hüseynov