Heyvanlar haqqında robotların çəkdiyi yeni serial ekranlara çıxarılıb
“BBC” teleradio şirkəti heyvanlar haqqında robotların çəkdiyi yeni serialı ekranlara çıxarıb. Adətən belə çəkilişlər film və ya televiziya verilişləri qəhrəmanlarının məskunlaşdığı yerlərdə quraşdırılan kameralar vasitəsilə aparılır. Lakin “John Downer Productions” şirkətinin mütəxəssisləri “BBC” və “PBS” şirkətləri üçün videomaterialı xarici görünüşünə görə heyvanlara - serial qəhrəmanlarına bənzəyən robotların istifadə olunduğu innovativ üsulla çəkiblər.
“ICtnews” Elektron Xəbər Xidməti “
DNI24” resursuna istinadən yazır ki, “Spy in the Wild” adlanan serial üçün robotların hazırlanması ilə Luiziana Politexnik Universitetinin robot texnikası kafedrasının mütəxəssisləri məşğul olublar. Robotlaşdırılmış heyvanların xarici görünüşü xüsusi diqqətlə ərsəyə gətirilib. Cansız heyvanların sukeçirməz materialdan hazırlanan dərilərinə elastiklik və çevikliyin təmini üçün şarnirlər və miniatür elektrik ötürücüləri, gözlərə isə videokameralar yerləşdirilib. Robotları 500 metr məsafədən idarə etmək mümkündür.
Bildirilir ki, serialın birinci epizodunda əntər meymunları izləyən robot meymun primatların birindən şübhələnir və onu tərpətməyə başlayır, daha sonra budağın üstündən sürüyüb aşağı salır. Yıxılan meymunun hərəkətsiz qaldığını görəndə əntərlər onun ətrafında əyləşərək ağlamağa başlayırlar.
İlkin nəticələrdən ruhlanan serial yaradıcıları əmindirlər ki, belə yanaşma onlara heyvanların həyatı haqqında daha çox məlumat əldə etməyə imkan verəcək. Çəkilişlərin davam etdirilməsi üçün digər robotlaşdırılmış heyvanlar da hazırlanıb.
“Spy in the Wild” serialı ekranlara yanvarın 27-də çıxarılıb.
Nizam Nuriyev