“Google” ötən il İT ekspertlərinə aşkarlanan boşluqlara görə 3 milyon dollar ödəyib
Yanvarın 3-də “Google” şirkəti 2016-cı il üçün tədqiqatçılara məhsullardakı boşluqlarla bağlı məlumatlara görə mükafatların ödənişi proqramı haqqında hesabat dərc edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
SecurityLab” resursuna istinadən yazır ki, ötən il proqramda dünyanın 59 ölkəsinin təhlükəsizlik sahəsi üzrə 350 eksperti iştirak edib. “Google” onlara əlavə və servislərdə aşkarlanan mindən çox boşluğa görə ümumilikdə 3 milyon dollar ödəyib. Bir boşluq üçün maksimal məbləğ 100 min dollar təşkil edir.
Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə mükafatlandırmanın ümumi məbləği 2 milyon dollar olub ki, bu da 2014-cü ildən xeyli azdır. Artım 2016-cı ildə şirkətin minimal mükafatlandırma məbləğini çoxaltması (bəzi hallarda bir dəfə yarım) ilə izah olunur.
“Google” məhsullardakı boşluqlarla bağlı məlumatlara görə mükafatların ödənişi proqramını 2010-cu ildə istifadəyə verib. O vaxtdan şirkət tədqiqatçılara ümumilikdə 9 milyon dollardan çox pul ödəyib.
Nizam Nuriyev