Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Əşyalar interneti” bazarının dəyəri 724,2 milyard dollar qiymətləndirilir


Ekspertlər 2023-cü ilədək “Əşyalar interneti” (Internet of Things, IoT) bazarının ümumi dəyərinin 724,2 milyard dollarlıq səviyyəyə çatacağını, bu dövr ərzində aparıcı rolu Asiya-Sakit okean regionu ölkələrinin bazarlarının oynayacağını proqnozlaşdırırlar.

“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, “Research Nester” agentliyi tərəfindən hazırlanan “Qlobal “Əşyalar interneti” bazarının 2023-cü ilədək icmalı” hesabatında bazarın inkişafının daha çox elektron qurğu texnologiyaları və bazarının genişlənməsindən asılı olacağı qeyd olunur. 

Proqnozlara görə, 2016-2023-cü illər ərzində “IoT” bazarında ümumi illik artım tempi (CAGR) 13,2 faiz təşkil edəcək. Artımı “ağıllı” qurğuların yayılması və şəhər əhalisinin maarifləndirmə səviyyəsinin yüksəldilməsi stimullaşdıracaq.

Bildirilir ki, 2015-ci ildə bazarda ən çox gəlir Asiya-Sakit okean regionu ölkələrində qeydə alınıb və ekspertlərin fikrincə, bu vəziyyət təhlil edilən dövr ərzində qalmaqda davam edəcək. Yüksək urbanizasiya templəri və məlumatlar sahəsində ucuz xidmətlərdən istifadə “IoT” ilə uyğunluq təşkil edən qurğulara tələbatı stimullaşdırır.

Sektorda artımı şərtləndirən digər amillər internet şəbəkəsində keyfiyyətli rabitəni və xidməti təmin edən informasiya texnologiyaları sektorunda əldə olunan texnoloji nailiyyətlərdir. Yüksəksürətli internet qurğuların işini məsafədən monitorinq etməyə kömək edir.

Qeyd edək ki, “IoT” bir-biri ilə əlaqə üçün quraşdırılmış texnologiyalarla təchiz edilən fiziki əşyaların hesablama şəbəkəsi konsepsiyasıdır.

Nizam Nuriyev





01/02/17    Çap et