Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Zərbə anında yumşaq olmaq qabiliyyətinə malik metamaterial yaradılıb
Son zamanlar metamateriallardan istifadə artır. Metamateriallar adi materiallardan fərqli olaraq bir sıra unikal xüsusiyyətlərə malikdirlər. Bu yaxınlarda Miçiqan Universitetinin alimləri tərəfindən hazırlanmış mürəkkəb material xarici gərginliyə reaksiya kimi öz sərtliyini və möhkəmliyini dəyişdirir. Belə materialı avtomobillərin karkasında istifadə etmək olar.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, yeni yaradılmış metamaterial ehtiyac olduqda öz vəziyyətini yumşaqdan sərtə doğru dəyişdirmək qabiliyyətinə malikdir. Mexaniki təsir nəticəsində material bütün səthin möhkəmliyini və sərtliyini dəyişir.
Alimlər hesab edirlər ki, belə unikal xüsusiyyətlər müxtəlif sahələrdə geniş tətbiq oluna bilər. Metamateriallar avtomobil istehsalından başqa, müxtəlif nəqliyyat növləri üçün istənilən səthə uyğunlaşa bilən şinlərin yaradılmasında tətbiq edilə bilər. Bu materialın yaradıcısı Ksyaominq Mao deyir: “Bizim metamaterialımızı "karkaslı təhlükəsizlik yastığı" adlandırmaq olar. Avtomobilin kuzovunu toqquşma enerjisini paylaşdırmaqla zədə səviyyəsini azaltmağa imkan verən böyük "təhlükəsizlik yastığı”na çevirmək olar. Belə avtomobil adi rejimdə hərəkət etdikdə onun kuzovu adi sərtliyə malik olacaq. Amma toqquşma anında avtomobilin kuzov və karkası rezin kimi yumşaq olaraq toqquşma enerjisini paylayacaq və sərnişinlərin həyatını xilas edəcək".