Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 10” sistemli “ağıllı” güzgülərin satışına başlanılıb


Almaniyanın “Dirror” şirkəti “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən divar güzgüsü və planşetin hibridindən ibarət eyniadlı qurğuların satışına başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, şirkətin bəyanatına baxmayaraq “Dirror” qurğuları öz sinfində yeganə rəqəmli güzgülər deyil, lakin “Windows 10” ilə işləyən ilk kommersiya məhsulu adına iddialı ola bilər.

Məlumata görə, “ağıllı” güzgülər üç müxtəlif versiyada buraxılıb. “Dirror S” güzgüsü 10,1 düym diaqonallı və 1280*800 piksel təsvir ölçülü ekranla təchiz edilib. “Intel Atom x5-Z8300” prosessoru əsasında işləyən 970 avroluq qurğu 2 giqabayt operativ və 32 giqabayt tutumlu quraşdırılmış yaddaşa malikdir.

Öz növbəsində qiyməti 1870 avro təşkil edən “Dirror M” versiyası 23 düymlü “Full HD” displey, daha güclü “Intel Atom x7-Z8700” prosessoru, 4 giqabayt operativ və 128 giqabayt quraşdırılmış yaddaş ilə təmin edilib.

Qurğunun ən təkmil versiyası - qiyməti 2070-2470 avro arasında dəyişən “Dirror L” “Full HD” və ya “WQHD” təsvir ölçülü 27 düymlü ekrana malikdir.

“Bluetooth 4.0” və “Wi-Fi” modulları ilə təchiz edilən “Dirror” güzgüləri “Cortana” səsli köməkçi funksiyasını dəstəkləyir.

Nizam Nuriyev







03/02/17    Çap et