Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni texnologiya rekord piksel sıxlıqlı maye-kristal ekranlar yaradacaq


Virtual reallıqda təsvir ölçüsü böyük rol oynayır və ondan istifadə zamanı hətta “4K” formatlı ekran kifayət etmir. Bu problemi 1 500 ppi piksel sıxlıqlı göstəriciyə malik displeylər yaratmağa imkan verən maye-kristal (LCD) ekranların istehsalı üçün yeni “Blue-Phase Liquid Crystal” texnologiyası həll etməyə kömək edəcək. Texnologiyanın piksel göstəricisi “Apple” şirkətinin məhsullarında istifadə edilən “Retina” panellərinin piksel sıxlığını 3 dəfə üstələyir.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, müasir maye-kristal ekranların tərkibində ağ işıq diodlu işıqlandırmanın daxil olduğu nazik nematik (optik biroxlu maye-kristallar) maye kristallar qatı var. Nazik plyonkalı tranzistorlar hər pikseldə işığın ötürülməsinin idarə edilməsinə görə tələb olunan gərginliyi təmin edir. “LCD” displeylərdə subpiksellərin tərkibində müxtəlif rənglərin alınması üçün birləşmələrdə istifadə olunan qırmızı, yaşıl və göy filtrlər yer alıb. Ağ rəng bütün rənglərin birləşdirilməsi ilə yaradılır.

Məlumata görə, yeni texnologiya ilə hazırlanan “LCD” ekranlarda göy maye kristal fazanı adi “LCD” ekranlardan təxminən 10 dəfə tez dəyişdirmək mümkün olacaq. Sub-millisaniyə reaksiya sayəsində hər bir işıq diodu rəngi başqalarından ayrıca və rəngli filtrlərsiz maye kristal vasitəsilə ötürür. İşıq diodlarının rəngi o qədər tez dəyişir ki, gözlər ağ rəngin yaradılması üçün qırmızı, yaşıl və göy rəngləri birləşdirə bilir.
Beləliklə, müxtəlif rəngli subpiksellərə ehtiyac qalmır, çünki onlardan birinin çox tez parıldaması insan gözü üçün lazımi rəngi əks etdirir. Bu, eyni fiziki ekran ölçüsündə üç dəfə çox piksel yerləşdirməyə imkan verir.

Texnologiya 2008-ci ildən mövcuddur, lakin tədqiqatçılar yalnız indi belə displeylərin müasir qurğuların imkanlarına cavab vermələri üçün işlək gərginliyi lazımi səviyyəyədək azaltmağa nail olublar. Növbəti addım mütəxəssislərin növbəti ilə planlaşdırdıqları işlək prototipin yaradılması olacaq. Sınaqların uğurlu olacağı təqdirdə “Blue-Phase Liquid Crystal” texnologiyası “LCD” displeylərə uzun müddət “OLED” həllərlə rəqabət aparmağa imkan verəcək.  

Nizam Nuriyev 





04/02/17    Çap et