Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür


Beynəlxalq Təhlükəsiz İnternet Günü (“Safer Internet Day”) ilin ikinci ayının ikinci həftəsinin ikinci günü qeyd edilir. 2017-ci ildə bu gün 7 fevral tarixinə düşür.

Bu əlamətdar hadisə 2004-cü ildə Avropa Komissiyasının qərarı ilə təsis edilib. Məqsəd dünyada, xüsusən uşaq və gənclər arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, rəqəmli texnologiyalar gündəlik həyatımızın bir hissəsinə çevrilir. Ona görə də internetdə təhlükəsizliyin təmini müasir dövrün ən aktual tələblərindən biridir. Təhlükəsiz və pozitiv internet yalnız mühafizə proqramları demək deyil. Bu, ilk növbədə pozitiv kontentin mövcudluğu, adi istifadəçilərin təhlükəsizliyin əsasları və internetdə davranış qaydalarına dair ictimai konsensus barəsində məlumatlı olması deməkdir. Bu, həm də adi istifadəçilərin internet təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulmuş ictimai-dövlət tərəfdaşlığıdır.
2005-ci ildən Avropa Komissiyasının iştirakı ilə yaradılmış milli mərkəzlərdən ibarət “Insafe” (“European Safer Internet Network”) qeyri-kommersiya təşkilatı dünyada Təhlükəsiz İnternet Gününün əsas koordinator rolunu icra edir. Avropa Birliyinə üzv dövlətlər, həmçinin İslandiya, Norveç və Rusiya “Insafe” təşkilatının üzvüdürlər.

2017-ci ildə Beynəlxalq Təhlükəsiz İnternet Günü dünyanın 130-dan çox ölkəsində qeyd olunacaq.
2017-ci ildə Təhlükəsiz İnternet Gününün şüarı aşağıdakı kimi səslənir: "Dəyişikliyə doğru! Təhlükəsiz İnternet məqsədilə birləşin!" (Be the change: Unite for a better internet).

Emil Hüseynov





07/02/17    Çap et