Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağıllı” xizək idmançı üçün lazımi informasiyanı göstərəcək


Dağ xizək ləvazimatlarının istehsalı ilə məşğul olan “Rossignol” şirkəti “PIQ” elektronika istehsalçısı ilə birlikdə idmançı üçün aktual informasiyanı göstərən ekranın quraşdırıldığı xizək prototipi hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, peşəkar idmançılar və həvəskarlar məlumatın göstərilməsi üçün bəzən bilərzik şəklində olan “ağıllı” qolbaqlardan istifadə edirlər, lakin belə qurğular bir sıra çatışmazlıqlara malikdir. Belə ki, onlar aktual informasiyanın fasiləsiz göstərilməsi üçün yaramır. Məsələn, saat şəkilli klassik “ağıllı” qolbağın ekranı üst geyimin qollarına görə görsənməyə bilər. Bundan başqa, bilərzikdə olan ekrana aktiv idman növləri ilə məşğul olan zaman baxmaq narahatlıq yaradır.

İki şirkət tərəfindən təqdim edilən xizək prototipi “Hero Master” xizəyinin modifikasiya edilmiş versiyasıdır. Xizək hazırda işlək prototip şəklindədir və mütəxəssislər yaxın vaxtlarda “ağıllı” qolbaqla təchiz edilən xizək ləvazimatlarının seriyalı istehsalına başlamağı planlaşdırmırlar.

Bildirilir ki, sistem real vaxt rejimində ötürücülərdən məlumat toplayan və onları emal edərək tez bir zamanda sürəti, yüklənməni və ya dönmə bucağını öyrənməyə imkan verən “PIQ Robot” mikrokompüterindən istifadə edir. Həmçinin xizəkdə istifadəçiyə bütün lazımi informasiyanı asanlıqla görməyə imkan verən işiq diodlu indikator quraşdırılıb. Qısa təsvirdən mikrokompüterin xizəyə quraşdırılması, eləcə də göstərilən informasiyanın xizək sahibinə necə kömək etməsi tam aydın deyil. Güman etmək olar ki, belə məlumatlar müxtəlif akrobatik elementlərin öyrədilməsi və məşqi zamanı aktuallıq kəsb edir.

Nizam Nuriyev 





08/02/17    Çap et