Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2021-ci ilə mobil qurğular su kəməri ilə müqayisədə daha əlçatan olacaq


ABŞ-ın “Cisco”  şəbəkə avadanlığı istehsalçısı tərəfindən illik dərc olunan “Mobile Visual Networking Index” hesabatına əsasən, 4 il sonra mobil telefon istifadəçilərinin sayı su kəmərindən istifadə edən insanların sayını ötəcək.

Şirkətin proqnozuna görə, 2021-ci ilədək dünyada telefondan istifadə edənlərin sayı 5.5 milyarda yaxınlaşacaq, halbuki həmin vaxt su kəmərindən 5.3 milyard insan istifadə edəcək. Bundan başqa, bank hesablarının sayı 5.4, istifadə edilən şəhər telefonlarının sayı isə 2.9 milyard təşkil edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, smartfon və planşetlərin sürətlə artan populyarlığının nəticəsi kimi 2021-ci ilədək ümumi internet trafikinin 20%-i mobil qurğuların payına düşəcək. Xatırladaq ki, 2016-cı ildə bu göstərici 8% olub. Məlumat trafikinin tutumu aylıq 49 ekzabayt və illik 587 ekzabayt təşkil edəcək. 1 ekzabayt 1 milyard qiqabayt deməkdir və bu o deməkdir ki, 4 il sonra insanlar 2011-ci illə müqayisədə 100 dəfə daha çox trafik yaradacaqlar.

“Cisco” şirkətinin proqnozuna görə, 2021-ci ilə mobil şəbəkələrə qoşulmaların 58%-i “4G” texnologiyası vasitəsilə həyata keçiriləcək. Mobil trafikin təxminən 79%-i dördüncü nəsil şəbəkələrinin payına düşəcək. 2020-ci ildə “5G” standartı geniş yayılmağa başlanacaq, daha sonra bu seqmentdə abunəçilərin sayı sürətlə artacaq.

“Cisco” şirkətinin analitikləri videonu mobil məzmunun ən sürətlə inkişaf edən kateqoriyası hesab edirlər. 2021-ci ilə mobil trafikin 78%-i videoların payına düşəcək.

“Cisco”nun hesabatında, həmçinin virtual reallıq qurğularının populyarlığı öz əksini tapıb. 2016-cı ildə dünyada təxminən 18 milyon virtual reallıq qurğusu mövcud olub, 2021-ci ilə bu göstərici 100 milyona yaxınlaşacaq və virtual reallıq trafikinin həcmi 11 dəfə artaraq 140 petabayt təşkil edəcək.

Emil Hüseynov





08/02/17    Çap et