Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Populyar zərərli proqram təminatlarının adı açıqlanıb


Ötən ilin fevralından ilk dəfə olaraq “Hummingbad” mobil qurğular üçün daha çox yayılmış zərərli proqram təminatı reytinqində birinci mövqeyini itirib.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “Check Point” şirkətinin məlumatına görə, virus liderliyi bu yaxınlaradək ikinci yeri tutan “Android” üçün “Triada” adlanan “Backdoor” moduluna verib. Zərərli proqram yoluxdurulmuş sistemə superistifadəçi hüququ ilə əlavə proqram təminatı yükləməyə və onu prosessor sistemlərinə tətbiq etməyə imkan verir.

Məlumata görə, reytinqin üçüncü pilləsində “Hiddad” zərərli proqram təminatı qərarlaşıb. Başlıca funksiyası reklam nümayişi olan zərərli proqram, həmçinin əməliyyat sisteminə quraşdırılan təhlükəsizlik mexanizmləri barədə vacib informasiyanı ələ keçirərək hakerlərə istifadəçilərin məxfi məlumatlarını əldə etməyə imkan verir.

Bildirilir ki, ötən ay mobil qurğular üçün zərərli proqram təminatının aşkarlanan hücumlarda payı ümumilikdə 9 faiz təşkil edib.

Masaüstü sistemlər üçün ən çox yayılmış zərərli proqram təminatı kimi “Check Point” ekspertləri “Bitcoin” virtual valyutasının oğurlanması üçün istifadə olunan “Kelihos” “botnet”ini qeyd ediblər. Ondan istifadə edilməklə həyata keçirilən hücumlar nəticəsində dünya təşkilatlarının 5 faizi zərər görüb. Sonrakı pillələrdə “Windows” əməliyyat sistemi üçün “HackerDefender” “rootkit”i və şirkətlərin 4,5 faizini yoluxduran “Cryptowall” “troyan” şifrləyicisi yer alıb.

Onluğa, həmçinin “Conficker” virusu, “Nemucod” zərərli proqram təminatı yükləyicisi, şəxsi hesab məlumatlarının oğurlanması üçün “RookieUA” proqramı, çoxfunksiyalı “Nivdort” (digər adı Bayrob) botu, “Zeus” və “Ramnit” bank “troyan”ları, eləcə də “spam” göndərilməsi üçün “Necurs” “botnet”i daxildir.

Nizam Nuriyev 





10/02/17    Çap et