Qlobal “5G” şəbəkəsinin sınaqları keçirilib
"Deutsche Telekom", "Ericsson" və "SK Telecom" (SKT) telekommunikasiya şirkətləri dünyanın ilk beynəlxalq kontinental "5G" şəbəkəsi adlandırılan şəbəkənin sınaqlarını keçiriblər. Sınaqların hazırda standartlaşdırılmayan texnologiyadan istifadə edilməklə geniş qlobal rouminq xidmətlərinin yaranmasına yol açacağı ehtimal olunur.
"ICTnews" Elektron Xəbər Xidməti "
Mediasat" resursuna istinadən yazır ki, sistem operatorların tərəfdaş şirkət ölkəsinə səfər edən hər bir abunəçisinə "Əşyalar interneti və ya genişləndirilmiş məlumat ötürmə kanallarının mövcudluğunu tələb edən internetə qoşulmuş avtomobillər kimi "5G" rabitə xidmətlərindən onların ölkələrində bu xidmətlərdən istifadə etdikləri eyni keyfiyyətdə yararlanmağa imkan vermək üçün yaradılıb.
Məlumata görə, beynəlxalq kontinental "5G" şəbəkəsinin "federal şəbəkənin ayrılması" texnologiyası ilə bağlı problemləri həll edəcəyi gözlənilir. Texnologiya proqram virtual şəbəkəsindən istifadə etməklə bir fiziki şəbəkəni müxtəlif xidmətlər üçün ayrıla biləcək bir neçə yerə ayırır və bununla effektivliyi artırır.
"SK Telecom" və tərəfdaş şirkətlər tərəfindən 2015-ci ildə hazırlanan şəbəkənin ayrılması texnologiyasının test çərçivəsində ilk dəfə xaricdə sınağı keçirilib.
Qeyd edək ki, "5G" şəbəkəsi mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, aşağı yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Nizam Nuriyev