Şirkətlərin yalnız 3%-i kiberhücumlarla mübarizə üçün lazımi vəsaitə malikdir
"Tripwire" və "Dimensional Research" şirkətlərinin tədqiqatçıları 2017-ci ilin əsas təhlükəsizlik təhdidlərini müəyyənləşdirmək məqsədilə ABŞ, Böyük Britaniya, Kanada və Avropa ölkələrində böyük şirkətlərdə işləyən 403 İT mütəxəssisi arasında sorğu keçirib.
"ICTnews" Elektron Xəbər Xidməti "
securitylab.ru" saytına istinadən yazır ki, sorğunun nəticəsinə görə, geniş yayılmış kiberhücumlara qarşı şirkətlərin yalnız 3%-i lazımi texnologiya, 10%-i isə lazımi bacarıqlara malikdirlər. İT mütəxəssislərinin fikrincə, cari ildə fırıldaqçı proqram təminatı böyük maddi ziyan vura bilər. Bu təhlükə ilə mübarizə məqsədilə şirkətlərin yalnız 44%-i lazımi vasitə, 43% isə lazımi bacarıqlara malikdirlər.
Rəyi soruşulanların 68%-nin sözlərinə görə, onlar fişinq hücumlarının qarşısını effektiv ala bilərlər, 60%-i isə "DDoS" hücumlarını dəf etmək qabiliyyətinə malikdir. Sorğu iştirakçılarının 48%-i insayder təhlükələrinin öhdəsindən gəlmək, 44%-i isə troyan şifrləyicilərlə mübarizə aparmaq gücündədir.
Yuxarıda göstərilən təhlükələrlə mübarizə aparmaq üçün şirkətlərin sahib olduğu texnologiyalar haqda İT mütəxəssislərinin cavabları fərqlidir. Təşkilatlar "DDoS" (63%) və fişinq (56%) hücumlarına qarşı daha dayanıqlıdır. 43%-i fırıldaqçı proqram təminatı, 41% isə insayder təhlükələri ilə mübarizə üçün lazımi vasitələrə malikdirlər.
Respondentlərin 64%-nin fikrincə, 2017-ci ildə maliyyə xidmətləri hakerlərin əsas hədəfi olacaq. ABŞ şirkətlərinin İT mütəxəssisləri səhiyyə təşkilatlarına hücum təhlükəsindən, avropalı mütəxəssislər isə telekommunikasiya şirkətlərinə hücumlardan narahatdırlar.
Emil Hüseynov