“Intel” 1 qiqabitlik internet sürətini dəstəkləyən “LTE” modem təqdim edib
1000 Mbit/s yükləmə sürəti mobil şəbəkələrin inkişafında yeni mərhələdir. Avstraliyada yerli “Telstra” operatoru artıq dünyada ilk qiqabitlik “LTE” şəbəkəsini istifadəyə verib, “MWC 2017” sərgisində isə 1 qiqabitlik internet sürətini dəstəkləyən “ZTE Gigabit Phone” smartfonu təqdim olunacaq. “XMM 7560” adlı yeni “LTE” modemini təqdim etmiş “Intel" korporasiyası, həmçinin bu bazar uğrunda mübarizə aparacaq. Bu “LTE” modem məlumatları 1 Qbit/s sürətlə yükləyir və 225 MB/s sürətlə ötürür. Modem smartfon, planşet, noutbuk və başqa mobil qurğularda istifadə edilə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “
4pda.ru” saytına istinadən yazır ki, “Intel” şirkətinin yeni modemi ənənəvi “LTE” şəbəkələrlə müqayisədə daha yüksək sürət təmin etməlidir. “Intel” korporasiyasının mobil və kommunikasiya qrupunun vitse-prezidenti Aşa Keddi əmin edir ki, “XMM 7560” modeminin köməyi ilə real dünyada 1 qiqabitlik internet sürəti əldə etmək mümkündür. Qeyd etmək lazımdır ki, belə nəticələr yalnız laboratoriya şəraitində mümkündür, halbuki real dünyada göstəricilər aşağı olacaq.
1 qiqabitlik internet sürətini dəstəkləyən “Intel XMM 7560 LTE” modeminin kommersiya qurğularında tətbiqi müddəti haqda hələ ki məlumat yoxdur.
Emil Hüseynov