İT nəhəngləri “5G” texnologiyalarının inkişafı məqsədilə alyans yaradıblar
“Intel” şirkətinin mühəndisləri “5G” şəbəkələri ilə bağlı layihələr üzərində uzun müddətdir işləyirlər. Ancaq bu yaxın günlərdə məlum olub ki, dünyada ən böyük prosessor istehsalçılarından biri yeni təşəbbüs irəli sürüb. “Intel” şirkəti “Ericsson”, “Honeywell”, “General Electric” və Berkli Universiteti ilə birgə beşinci nəsil şəbəkələri ilə bağlı layihələri öyrənəcək, sınaqdan keçirəcək və tətbiq edəcək. Yeni təşəbbüs “5G Innovators Initiative” (“5GI2”) adlandırılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
4pda.ru” saytına istinadən yazır ki, “Intel” şirkətinin nümayəndələrinin sözlərinə görə, beşinci nəsil şəbəkələrinin istismara verilməsi bir çox istifadəçilərin gündəlik həyatını dəyişdirəcək. “5GI2” alyansının iştirakçıları ilk növbədə “əşyalar interneti”nin sənaye tətbiqinə önəm verəcəklər. Həmçinin vaxt ötdükcə tədqiqatların sahəsini xeyli genişləndirmək və sürücüsüz nəqliyyat vasitələri layihələrinin inkişafı, səhiyyə və şəhər infrastrukturu sahəsində innovasiyalarla məşğul olmaq planlaşdırılır.
Emil Hüseynov