Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti “Galaxy S8” smartfonunun təqdimat tarixini rəsmi açıqlayıb


Artıq əminliklə söyləmək olar ki “MWC 2017” sərgisində “Samsung Galaxy S8” smartfonu təqdim edilməyəcək, çünki Cənubi Koreya şirkəti  sərgi ərəfəsində yeni smartfonun rəsmi elan tarixini açıqlayıb. Şirkət yalnız smartfonun elan tarixini açıqlayıb, amma qabaqcıl smartfonun satışa çıxarılma tarixi əvvəlki kimi məlum deyil.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, “Samsung” şirkəti bazar günü “MWC” sərgisinin açılışı ərəfəsində mətbuat üçün tədbir keçirib. Mətbuat tədbirində şirkətin sərgi üçün hazırladığı yeniliklər təqdim edilib. “S Pen” stilusuna malik “Galaxy Tab S3” planşet və “Windows 10” əməliyyat sistemi ilə işləyən “Galaxy Book” seriyasından iki model nümayiş etdirilib. Təqdim edilən yeniliklər arasında qabaqcıl “Galaxy S8” smartfonu olmayıb.

“Samsung” şirkəti təqdimat zamanı “Galaxy S8” smartfonunun 30 saniyəlik videosunu nümayiş etdirib. Şirkət videoda “Unpacked” illik konfransının keçirilmə tarixini açıqlayıb. Amma çarxda “iPhone” smartfonunun əsas rəqibi göstərilməyib.

İlkin məlumatlara görə, “Samsung Galaxy S8” smartfonu iki versiyada təqdim olunacaq: 2560x1440 təsvir ölçüsünə malik 5,8 və 6,2 düymlük ekranlara malik modellər. Bundan başqa, “Snapdragon 835” və ya “Exynos” prosessoru, 4 QB əməli yaddaş, 64 QB daxili yaddaş, 3000 və ya 3500 milliamper/saat tutumunda akkumulyator, 12 meqapiksellik əsas kamera, həmçinin “USB-C” konnektoru ilə təchiz ediləcək.

“Galaxy S8” smartfonu rəsmən 29 mart tarixində nümayiş etdiriləcək,  aprelin 21-dən etibarən isə satışlara start veriləcəyi gözlənilir.

Emil Hüseynov





27/02/17    Çap et