Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2016-cı ildə mobil telefonlar bazarında düyməli aparatların payı 21% təşkil edib


“Strategy Analytics” analitik şirkətinin məlumatına əsasən, 2016-cı ildə zəng etmə və “SMS” göndərmə funksiyasına malik 396 milyon adi telefon dünya bazarına çıxarılıb. Mütəxəssislərin hesablamasına görə, ötən il mobil telefonların qlobal tədarük həcmində (1.88 milyard) bu tip aparatların payı 21% təşkil edib. Analitiklərin məlumatına görə, ənənəvi düyməli telefonlar hələ də kifayət qədər populyardır: ötən il ərzində satılmış hər beş aparatdan biri bu kateqoriyaya aid olub.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Samsung” şirkəti düyməli aparatların ən böyük istehsalçısıdır. 2016-cı ildə Cənubi Koreya şirkəti 52,3 milyon telefon tədarük edib və bazar payı 13% təşkil edib.

“Nokia” telefonu ikinci yeri tutur. İndi Finlandiyanın “HMD Global” şirkəti bu brendin tanıdılması ilə məşğuldur. Finlandiya şirkəti 35,3 milyon düyməli telefon istehsal edib. “Nokia”nın smartfon bazarında çətinliklərlə qarşılaşmasına baxmayaraq Finlandiya brendi ənənəvi mobil telefonlar seqmentində öz nüfuzunu qoruyub saxlayır.

Smartfonların Afrika və Hindistan kimi inkişaf etməkdə olan regionlarda adi telefonları tədricən bazardan sıxışdırıb çıxarmasına baxmayaraq, əvvəlki kimi yüz milyonlarla düyməli aparat satılır. Ucuz qiymət və istifadə sadəliyi istehlakçıları bu tip qurğulara cəlb edir.

Emil Hüseynov





27/02/17    Çap et