Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Raspberry Pi Zero” kompüteri “Wi-Fi” və “Bluetooth” şəbəkələrini dəstəkləyəcək


“Raspberry Pi Foundation” qeyri-kommersiya təşkilatı beşilliyi münasibətilə birplatalı “Zero” kompüterinin yenilənmiş “Zero W” modelini nümayiş etdirərək “Wi-Fi” və “Bluetooth” şəbəkələrinə qoşulmaq imkanı yaradıb. Qurğunun qiymətinin 5 dollardan 10 dollaradək artmasına baxmayaraq istifadəçilərin əlavə adapter almasına ehtiyac qalmayacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “www.therunet.com” resursuna istinadən yazır ki, 2015-ci ildə buraxılan “Raspberry Pi Zero W” internet şəbəkəsinə qoşulmaq üçün çoxlu kabel və birləşdiricilərdən istifadəni tələb edib. Hazırda isə istifadəçilər əlavə avadanlıqlardan istifadə etmədən simsiz şəbəkələrə qoşula biləcəklər.

Bundan başqa, şirkət kompüter üçün xüsusi futlyarların istehsalına başlayacaq.

Məlumata görə, “Raspberry Pi Foundation” artıq 80 min yeni nəsil kompüter sifariş edərək müxtəlif ölkələrin 6 tədarükçü şirkətinə göndərəcək.

Qeyd edək ki, qutu şəklində olan, en və uzunluq ölçüsünə görə vizit kartından böyük olmayan “Raspberry Pi” - birplatalı kompüter olmaqla 700 MHs tezliyində işləyən “ARM1176JZF-S” prosessor, “Full HD” təsvir ölçüsünü dəstəkləyən “VideoCore IV” videosürətləndirici və 256 MB operativ yaddaşa malik “Broadcom BCM2835” çipli sistem üzərində (SoC) yığılıb. Qurğu monitora qoşulmaq üçün videoçıxış və “HDMI”, eləcə də qulaqcıq və ya masaüstü audiosistemin qoşulması üçün 3,5 mm çıxışla təchiz edilib.

Kompüter uşaqlar üçün proqramlaşdırmanın tədrisi məqsədilə nəzərdə tutulmasına baxmayaraq digər sahələrdə də populyarlıq qazanıb.

Nizam Nuriyev 





01/03/17    Çap et