2017-ci ildə “əşyalar interneti” qurğularının sayı planet əhalisinin sayını ötəcək
2017-ci ilin sonuna dünyada internetə çıxışa malik təxminən 8.4 milyard “əşyalar interneti” qurğusu mövcud olacaq. “Gartner” şirkətinin yeni araşdırmasına əsasən, bu, bir il ərzində 31% artım deməkdir. 8,4 milyard qurğudan təxminən 63%-i istehlakçılar tərəfindən istifadə olunacaq, yerdə qalan 37%-i isə biznes mühitində qurulacaq və tətbiq ediləcək.
Tədqiqatçılar ümid edirlər ki, 2020-ci ilədək olan dövrdə internetə çıxışa malik qurğuların sayı ildə orta hesabla 35% artacaq. Beləliklə, 2020-ci ilədək belə qurğuların sayı 20,4 milyardı ötəcək. 2017-ci ildə “əşyalar interneti” qurğuları və onlarla bağlı xidmətlərin satın alınmasına çəkilmiş xərclərin həcmi 2 trilyon dollara yaxınlaşacaq. Çin, Şimali Amerika və Qərbi Avropa bu bazarın əsas inkişaf regionları olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “
data.cnews.ru” saytına istinadən yazır ki, "istehlak qurğuları ən populyar olaraq qalır. Cari ildə istehlak qurğularının sayı 5,2 milyard təşkil edəcək. İstehlakçılar üçün avtomobillər, "ağıllı" televizorlar, rəqəmli TV konsollar “əşyalar interneti” qurğularının əsas tipi olaraq qalır. Eyni zamanda biznes seqmentində "ağıllı" elektron çəki və videomüşahidə kameraları daha böyük populyarlığa malikdir" – hesabatda yazılıb.
Gözləntilərə görə, 2018-ci ilədək internet çıxışına malik “əşyalar interneti” qurğularının ümumi sayı 11,19 milyarda yaxınlaşacaq. Dünyada bir sıra biznes həllərin (fiziki təhlükəsizlik sistemləri və girişə nəzarət, istilik, ventilyasiya və kondisiyalaşdırma sistemləri) tətbiqinin artması sayəsində 2018-ci ildə bu qurğuların populyarlığının artımı qeydə alınmalıdır.
Analitiklərin proqnozuna görə, 2020-ci ildə “əşyalar interneti” sahəsində istehlak qurğuları əvvəlki kimi liderlik edəcək. 2020-ci ilə belə qurğuların sayı 12,86 milyard təşkil etməlidir, halbuki biznesin müxtəlif sahələrində tətbiq edilən qurğuların sayı 2017-ci ildə 1,64-dən 2020-ci ildə 3,17 milyardadək artacaq.
Emil Hüseynov