Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil qurğular üçün virusların sayı üç dəfə artıb


"Kasperski Laboratoriyası"nın 2016-cı ilə olan məlumatına görə, mobil qurğular üçün virusların sayı 3 dəfə artıb.

Qurğuları bloklayan və pul tələb edən troyanların sayı 8,5 dəfə yüksəlib.  Daha çox rusiyalı istifadəçilərə hücum etmiş mobil bank troyanlarının sayı 1.5 dəfə artıb.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "Kasperski Laboratoriyası"nın araşdırmasına əsasən, 2016-cı ildə mobil qurğular üçün reklam troyanları çox geniş yayılıb. Bu zərərli proqram təminatı virusa yoluxmuş cihazda reklamı dəfələrlə göstərməklə bəzən qurğudan istifadəni xeyli çətinləşdirir.

Bəzi belə troyanlar sistem qovluqlarına viruslar, həmçinin öz modullarını quraşdıra bilər, buna görə belə troyanları silmək heç də asan deyil, bəzi hallarda, hətta standart sazlamalara qayıdış kömək etmir.

"Əksər mobil qurğular indiyədək əməliyyat sisteminin yenilənmələrini qeyri-müntəzəm alırlar. Bu isə smartfon və planşetlərin köhnə, yaxşı məlum və əlçatan eksploytlar qarşısında dayanıqsız olmasına səbəb olur və zərərli proqram təminatları bundan istifadə edirlər" – "Kasperski Laboratoriyası"nın  eksperti Roman Unuçek deyib.
 
Emil Hüseynov





06/03/17    Çap et