Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetə çıxış üçün ən populyar ƏS-i hansıdır?


“StatCounter” analitik şirkətinin statistikasına əsasən, yaxın vaxtlarda “Android” mobil əməliyyat sistemi ilə işləyən qurğuların sayı “Windows” qurğuları ötəcək.

“StatCounter” şirkətinin mütəxəssislərinin qənaətinə görə, tezliklə “Windows” platforması “Ümumdünya hörümçək toru”nda liderliyini əldən verəcək. Analitiklər iddia edirlər ki, “Microsoft”un platforması tezliklə  internetə çıxış üçün ən populyar ƏS-i adından məhrum olacaq. Hazırda “Windows” və “Android” sistemlərinin bazar payı, demək olar, eynidir.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, analitiklərin hesablamalarına görə, internetə çıxışa malik qurğular arasında “Android” qurğularının bazar payı 37,4% təşkil edir. Eyni zamanda “Windows” ilə işləyən cihazların bazar payı 38,6%-dir. Məlumat üçün bildirək ki, 5 il əvvəl, 2012-ci ilin yanvarında “Windows” sisteminin bazar payı 82%, “Android”in payı isə 2,2% təşkil edirdi.

İndi “Android” platforması smartfon bazarında liderdir: sözügedən bazarın təxminən 80%-i onun payına düşür. “StatCounter” şirkətinin statistikası masaüstü kompüterlər, noutbuklar, planşetlər və smartfonlardan internetə çıxışı nəzərə alır.

Emil Hüseynov





09/03/17    Çap et