Ötən il dünya smartfonlar bazarında ən çox gəlir əldə edən şirkət məlum olub
2016-cı ilin yekunlarına görə, "Apple" şirkətinin dünya smartfonlar bazarında istehsalçıların əldə etdiyi gəlirdə payı 79,2 faiz təşkil edib. Bu barədə "The Korea Herald" qəzeti "Strategy Analytics" şirkəti tərəfindən aparılan tədqiqatın nəticələrinə istinadən məlumat verib.
"ICTnews" Elektron Xəbər Xidməti "
NEWSru" resursuna istinadən yazır ki, analitiklərin qiymətləndirməsinə görə, ötən il smartfon istehsalçılarının ümumi mənfəəti 53,7 milyard dollara, "Apple" şirkətinin isə 44,9 milyard dollara bərabər olub. "Strategy Analytics" qeyd edir ki, bu uğur "iPhone" istehsalçısının istehsal xərclərini minimuma endirmək və eyni zamanda qurğuları baha satmaq bacarığından xəbər verir.
Bu göstərici üzrə ikinci yeri dünya bazarında 14,6 faiz (8,3 milyard dollar) gəlirə sahib çıxan Cənubi Koreyanın "Samsung" şirkəti tutub. Liderlər üçlüyünü 1,6 faiz (929 milyon dollar) nəticə ilə Çinin "Huawei" şirkəti tamamlayıb. Sonrakı yerlərdə müvafiq olaraq 1,5 faiz və 1,3 faiz göstərici ilə Çinin "Oppo" və "Vivo" şirkətləri qərarlaşıb.
Xatırladaq ki, fevralın əvvəlində "Apple" 2017-ci maliyyə ilinin birinci rübündə (2016-cı ilin dördüncü rübünə təsadüf edir) rekord mədaxil əldə etməsini açıqlayıb. Hesabata görə, şirkətin rüblük mədaxili 78,4 milyard dollar təşkil etdiyi halda bu göstərici üzrə bir il əvvəl nail olunan əvvəlki rekord 75,9 milyard dollar olub. Şirkət rəhbəri Tim Kukun sözlərinə görə, "Apple", həmçinin "iPhone" smartfonlarının, "Mac" kompüterlərinin, "Watch" saatlarının və müxtəlif servislərin satışından rekord həcmdə mədaxil əldə edib.
Bundan başqa, bir müddət əvvəl "Strategy Analytics" tərəfindən ötən ilin dördüncü rübü üçün açıqlanan məlumatlar sübut edir ki, "Apple" şirkəti "Samsung"u üstələyərək smartfonların tədarük həcminə görə bazarda lider olub. Bunun əsas səbəbi kimi "Galaxy Note 7" smartfonlarının geri çağırılması qeyd olunur.
Nizam Nuriyev