Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni çexol “iPhone” smartfonunu “Android” sistemli telefona çevirir
İsrailin “ESTI” şirkəti “iPhone” smartfonu üçün “Eye” adlı qeyri-adi aksessuar nümayiş etdirib. Yeni qurğu “Apple” smartfonunu “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən telefona çevirən çexoldur. İstifadəçi eyni anda həm “iOS”, həm də “Android” əməliyyat sistemlərindən istifadə imkanı əldə edir.
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, “Eye” çexolu mahiyyət etibarilə “iPhone” smartfonunun əks tərəfində yerləşən “Always On” funksiyalı 5 düymlü ekrana malik “Android” sistemli smartfondur. Qurğu 2800 milliamper/saat tutumlu akkumulyator, infraqırmızı kanal ötürücüsü, “NFC” modulu, 3,5 mm audioçıxış və simsiz enerjidoldurma ilə təchiz edilib. “Selfie” çəkilişi üçün “Android” çexol “iPhone” smartfonunun əsas kamerasından istifadəyə imkan verir. Qurğu “Android 7.1 Nougat” versiyasının idarəetməsi ilə işləyir.
“Eye”, həmçinin SİM kart üçün iki çıxışa malikdir və “4G LTE” şəbəkələrində işi dəstəkləyir. Tərtibatçıların sözlərinə görə, çexola quraşdırılan akkumulyator “iPhone”un avtonom işləmə vaxtını iki dəfə artıracaq.
Şirkət nümayəndələri əmindirlər ki, “Eye” futlyarı iki smartfonu birləşdirməklə istifadəçinin həyatını asanlaşdırır və iki qurğudan istifadə zərurətini aradan qaldırır. Maliyyələşmə uğurlu olacağı təqdirdə İsrail istehsalçısı “iPhone 6/6s/7”, “iPhone 6 Plus/6s Plus/7 Plus” üçün çexol versiyaları buraxmağı planlaşdırır.
“LTE” şəbəkəsini dəstəkləməyən çexol versiyasını 95 dollara, dördüncü nəsil rabitə şəbəkəsini dəstəkləyən modula malik versiyanı isə 129 dollara sifariş etmək olar.