Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İtirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması üzrə 5 qurum memorandum imzaladı


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin reallaşdırdığı itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən “Poçtap” sosial layihəsi çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandum Bakı şəhər Baş Polis İdarəsi, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyəti və  “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanıb.

Müqaviləyə əsasən,  adıçəkilən qurumlar “Poçtap” xidmətini dəstəkləmək, daim əlaqəli işləmək, əməkdaşlar tərəfindən tapılan sənədləri poçt inkasasiyasına təhvil vermək, eləcə də, vətəndaşları “Poçtap” xidməti barədə məlumatlandırmaq üzrə öhdəliklər götürüblər.
 
Məlumat üçün bildirək ki, “Poçtap” xidməti çərçivəsində tapılmış sənədlər poçt müəssisələri və “Şəbəkə” xidmət mərkəzləri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyatı orqana təslim edilir.
Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi istənilən poçt qutusuna ata və ya istənilən poçt şöbəsinə, eləcə də “Şəbəkə” xidmət mərkəzlərinə anonimliyini qorumaq şərti ilə təhvil verə  bilər. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınmaqla avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır və tapıldığı halda telefon mərkəzi əməkdaşı tərəfindən həmin şəxslə əlaqə yaradılır. 
 
Eyni zamanda, sənədini itirmiş şəxs “Poçtap” xidmətinin rəsmi internet səhifəsindən - http://www.pochtap.az, “169” saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb-tapılmamasını öyrənə bilər və tapılmadığı halda itirilən sənədi axtarışa verə bilər.
 
Sənədi  tapılan şəxs onu sənədinin mövcud olduğu filialdan əldə edə və ya telefon mərkəzinə müraciət edərək özünə yaxın poçt şöbəsinə çatdırılmasını sifariş edə bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 30 gündür. Sonra sənəd təyinatı üzrə aidiyyəti orqana (Daxili İşlər, Xarici İşlər, Təhsil Nazirliklərinə və.s) təqdim edilir.
 
Qeyd edək ki, “Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək sənədi poçt şöbələrindən və “Şəbəkə” xidmət mərkəzlərindən təhvil ala bilər. Sənədin hər hansı bir ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu “Azərekspresspoçt”un xidmət tariflərinə uyğun hesablanır. 











14/03/17    Çap et