Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Uşaqların smartfonuna nəzarət edən proqram yaradılıb


"Google" şirkəti tərəfindən hazırlanmış "Family Link" mobil proqramı  valideynlərə övladlarının "Android" smartfonlarından istifadə etməsinə nəzarət etməyə imkan verəcək. Yeni xidmət "Google"un bloqunda təsvir edilib.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, "Family Link" mobil proqramı üç əsas funksiyadan ibarətdir. Birinci funksiya uşaqlara yalnız valideynlərin razılığı əsasında proqramları yükləməyə imkan verir. İkinci funksiya uşaqlar tərəfindən açılmış proqramları izləməyə imkan verir, həmçinin müxtəlif proqramlardan istifadə vaxtı üzrə günlük, həftəlik və aylıq statistika tərtib edir. Valideynlər proqramlardan istifadə müddəti təyin edə bilər. Nəhayət, "Family Link" tətbiqinin köməyi ilə uşağın istifadə etdiyi qurğunu müəyyən saatlar üzrə bloklamaq olar. Məsələn, gec vaxtı və ya dərsləri öyrənən vaxt telefondan istifadə etmək olmaz.

Hazırda "Family Link" mobil tətbiqi yoxlama mərhələsindədir. Proqram yalnız ABŞ-da işləyir və onu satın almaq üçün 13 yaşadək uşağı olan valideynlər xüsusi saytda sifariş verməlidirlər. Bundan başqa, sözügedən proqramın işləməsi üçün uşağın smartfonu "Android 7.0 Nougat" sisteminin idarəetməsi altında, valideynin qurğusu isə "Android 4.4 KitKat" və daha yuxarı versiyalarla işləməlidir.

Emil Hüseynov





17/03/17    Çap et