Mobil qurğuların virusa yoluxma halları 400% artıb
100 milyondan çox mobil qurğunu təhlil etmiş “Nokia” şirkətinin hesabatına görə, 2016-cı ildə mobil qurğuların zərərli proqram təminatına yoluxması halları təqribən 400% artıb. Virusa yoluxmuş cihazların payı isə 2012-ci ildən aparılan müşahidə anından etibarən maksimuma çatıb.
“ICTnews” Elektron Xəbər Xidməti
securitylab.ru saytına istinadən yazır ki, şirkətin məlumatına görə, ötən ilin ikinci yarımilliyində smartfonlar daha çox (85%) hücuma məruz qalıb. 2016-cı ildə “Android” sistemi ilə işləyən smartfonlar və planşetlər hakerlərin əsas hədəfinə çevrilib, bu da sözügedən mobil əməliyyat sisteminin liderliyi ilə izah edilir. Hakerlər, həmçinin “iOS” və başqa əməliyyat platforması ilə işləyən qurğulara hücum ediblər. Hücumlar əsasən zəngləri, mesajları, sosial şəbəkələrdə əlaqəni, axtarış sorğularını, istifadəçilərin olduğu yeri izləyə bilən casus proqram təminatı vasitəsilə həyata keçirilib.
“Nokia” şirkətinin mütəxəssisləri, həmçinin "əşyalar interneti" kateqoriyasına məxsus qurğularda boşluqların sayının artmasını qeydə alıblar. Bu sahədə hücumların artımı internetə qoşulmuş qurğuların təhlükəsizliyinin təkmilləşdirilməsi ehtiyacından xəbər verir.
Emil Hüseynov