Yeni “Xiaomi” smartfonlarının xüsusiyyətləri bəlli olub
Çinin “Xiaomi” şirkəti apreldə iki yeni qabaqcıl smartfon modeli təqdim etməyə hazırlaşır.
“ICTnews” Elektron Xəbər Xidməti “
NEWSru” resursuna istinadən yazır ki, son vaxtlar internetdə “Xiaomi Mi 6” və “Xiaomi Mi 6 Plus” adlandırılacaq qurğuların texniki xüsusiyyətləri barədə ziddiyyətləri şayiələr yayılmağa başlayıb. Bu dəfə isə Çin mənbələri hər iki smartfonun xüsusiyyətləri barədə ətraflı məlumat dərc ediblər.
Məlumata görə, “Xiaomi Mi 6” smartfonu 1920*1080 piksel təsvir ölçülü 5,15 düymlü ekran, “Qualcomm Snapdragon 835” prosessoru, 4 və ya 6 giqabayt operativ və 32, 64 və ya 128 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz ediləcək. Smartfonun əsas kamerasının təsvir ölçüsü 19, ön kamerasının isə 8 meqapiksel təşkil edəcək. Bundan əlavə, quraşdırılmış batareyanın tutumu 3200 milliamper/saata bərabər olacaq.
“Xiaomi Mi 6 Plus” smartfon modeli isə analoji təsvir ölçülü 5,7 düymlü displey, eyni prosessor, 6 giqabayt operativ, 64 və ya 128 giqabayt quraşdırılmış yaddaşla təchiz ediləcək. Smartfonun 12 meqapikselli kamerası ikili olacaq, ön kameranın təsvir ölçüsü isə 8 meqapiksel təşkil edəcək. Bundan əlavə, qurğu 4500 milliamper/saat tutumlu akkumulyatora malik olacaq.
Həmçinin “Xiaomi Mi 6” smartfonu “MIUI 8” interfeysli “Android 6.0 Marshmallow” sisteminin, “Xiaomi Mi 6 Plus” isə eyni “MIUI” versiyasına malik “Android 7.0 Nougat” sisteminin əsasında işləyəcək.
Nizam Nuriyev