Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mingəçevir sakinlərinə “Elektron hökumət” portalı barədə geniş məlumat verildi


Martın 30-da Mingəçevir şəhərinin sakinlərinə "Elektron hökumət" portalından istifadə qaydaları, vətəndaşların ən çox müraciət etdiyi elektron xidmətlər və informasiya sistemləri üzrə seminar keçirilib.

Seminar Niderland Krallığının Xarici İşlər Nazirliyinin tərəfindən maliyyələşdirilmiş Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi "Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi" Proqramı çərçivəsində baş tutub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin ekspertləri tərəfindən keçirilmiş seminarın məqsədi regionlarda yaşayan vətəndaşlara "Elektron Hökumət" infrastrukturu, elektron xidmətlər, "Elektron imza" mexanizmi və elektron sənəd mübadiləsi barədə məlumat vermək, informasiya kommunikasiya texnologiyalarının sosial xidmət sahələrinə tətbiqi ilə yaradılan bu imkanlardan geniş istifadənin təminidir.

Seminarı Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin eksperti Xalid Kazımov açaraq elektron xidmətlərin əvəzedilməz rolundan, istifadə rahatlığından və dövlət qurumlarının elektron xidmətlərini bir məkanda toplayan "Elektron hökumət" portalının internet mühitindəki rolundan danışdı.

Daha sonra, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri Günay Hüseynova və Elvin Cəfərli İKT-nin xidmət sahələrinə tətbiqi ilə bağlı rəsmi sənədlərdən, "Elektron hökumət" portalının qanunvericilik bazası, portalın yaranması və inkişaf mərhələləri barədə məlumat verdilər.

Nəzəri məlumatlandırmadan sonra www.e-gov.az "Elektron hökumət" portalı seminar iştirakçılarına praktiki olaraq göstərildi. Portalın giriş vasitələri, xidmət qrupları və ən çox müraciət olunan elektron xidmətlər, eləcə də vətəndaşların portaldan istifadəsini sadələşdirən "Onlayn Konsultasiya", "Əks-Əlaqə" və "Mənim xidmətlərim" alətləri əyani olaraq test edildi.

Seminar sual-cavab sessiyası, müzakirələrlə yekunlaşdı. Sonda tədbirdə fəal iştiakçılara "Elektron hökumət" portalına daxil olmaq üçün istifadəçi adı və şifrə verildi.









31/03/17    Çap et