Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yumşaq robotlar məsafədən idarə olunacaq


Şimali Karolina Universitetinin alimlər qrupu yumşaq robotları maqnit sahəsi vasitəsilə məsafədən idarə edərək yeni üsul kəşf edib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, robotun bədəninə maqnit sahəsinin təsiri ilə öz-özünə yığılaraq zəncir kimi düzülən miniatür hissəciklər quraşdırılır. Bunun sayəsində robotlara maksimal sadə quruluşda yeni mürəkkəb funksiyalar tapşırmaq olar. Belə robotların əksər sahələrdə - biotibbi texnologiyalardan və dərman preparatlarının çatdırılması sistemlərindən tutmuş, aerokosmik sənayeyədək praktiki tətbiqi mümkündür. 

Maqnit sahəsinin təsiri ilə dəmir hissəciklərin polimer məhlulda davranışını izləyən alimlər belə effektə daha bərk materiallarda da nail olmaq qərarına gəliblər. Polimer material qurudularaq maqnit sahəsinin gərginliyindən asılı olaraq dəmir hissəciklərin davranışının və xüsusiyyətlərinin öyrənilməsinə başlanılıb. Maqnit sahəsinin vektor istiqamətini və onun gücünü dəyişdirməklə alimlər müxtəlif reaksiyalara müvəffəq olublar. Hazırda polimer materialdan dəmir əlavə edilməklə üç tip yumşaq robot yaradılıb. Birinci robot nasos kimi işləyir, yığılma və uzanma xüsusiyyətlərinə malik ikinci robot əzələlərin işini imitasiya edir. Üçüncü tip robot öz ağırlığından 50 dəfə çox yükü qaldırmaq imkanı ilə seçilir.

Belə robotların real tətbiqini vaxt və qeyri-adi materialın xüsusiyyətlərinin gələcək tədqiqi göstərəcək.

Nizam Nuriyev 





03/04/17    Çap et