Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype” istifadəçiləri zərərli proqram təminatının hücumuna məruz qalıblar


“Skype” istifadəçiləri şübhəli reklamın görsənməsindən şikayət ediblər. Belə ki, sözügedən proqramın ev ekranında “Adobe Flash Player” kritik yeniləməsini təşviq edən reklam banneri göstərilir.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, “Reddit” forumunda yazılmış mesajlara əsasən, reklam bannerinə klik etdikdən sonra kompüterə ilk baxışdan normal görsənən  HTML proqramı yüklənilir. Ancaq sonuncu qurbanın kompüterinə zərərverici fayl yükləyir. Bundan sonra qurğu virusa yoluxur.

İstifadəçilər zərərli proqram təminatının kodunu öyrənməyə qərar veriblər. Məlum olub ki, saxta “Flash” “Windows” sistemi ilə işləyən kompüterlərə hücum edir.

Virusun öz işində istifadə etdiyi domen əlçatmaz olduğundan zərərli proqram təminatını yükləmək və təhlil etmək mümkün olmayıb. Amma ekspertlərin fikrincə, söhbət fırıldaqçı proqram təminatından gedir, çünki hücum bu yaxınlarda “Locky” şifrləyicisi və “Kovter” troyanının yayılması kampaniyasını xatırladır.

“Microsoft” şirkətinin nümayəndəsinin sözlərinə görə, istifadəçilər, sadəcə, şübhəli reklam banneri ilə rastlaşıblar. Şirkət istifadəçilərə öz kompüterlərinə belə hücumları bloklayan antivirus quraşdırmağı tövsiyə edib.

Emil Hüseynov





04/04/17    Çap et