Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy S8” smartfonunun ekranı “ən yaxşı displey” adına layiq görülüb


“DisplayMate Technologies” şirkətinin ekspertləri 29 mart tarixində “Samsung” tərəfindən təqdim edilmiş qabaqcıl “Galaxy S8” smartfonunun ekranını müasir mobil qurğular arasında “ən yaxşı displey” adına layiq görüblər. Bu halda qeyd etmək lazımdır ki, Cənubi Koreya firmasının istehsalı olan displeylər artıq bir neçə il ardıcıl olaraq bu ada layiq görülür.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Apple” korporasiyasının yeni “iPhone” smartfonu üçün “Samsung”dan 70 milyondan çox bükük “OLED” panel sifariş etməsinin səbəbi indi məlum olur. “DisplayMate” şirkətinin məlumatına görə, “Galaxy S8” smartfonunun displeyi əvvəlki modellərlə müqayisədə böyük ölçüyə malikdir, tərəflər nisbəti fərqlidir, elastik “OLED” alt qatlığı və “Gorilla Glass 5” qoruyucu şüşə ilə təchiz edilib. Bundan başqa, “Samsung”un displeyi parlaqlıq göstəricisinə görə “LG G6” qurğusunun displeyini geridə qoyur.

Ekspertlərin məlumatına görə, “Samsung”un displeyi 2960x1440 (3K) təsvir ölçüsünə, 1020 nit parlaqlığa, ən yüksək kontrastlıq əmsalına malikdir.

Emil Hüseynov





06/04/17    Çap et