Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy S9” smartfonunun hazırlanmasına başlanılıb


Qabaqcıl “Samsung Galaxy S8” və “Samsung Galaxy S8+” smartfonlarının təqdimatından iki həftə ötməsinə və qurğuların satışa çıxarılmamasına baxmayaraq Cənubi Koreya KİV-i “Samsung” şirkətinin artıq növbəti “Galaxy S9” modelini hazırlamağa başlaması barədə məlumat yayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, “The Investor” nəşrinin məlumatına görə, “Samsung Galaxy S9” üçün ekran panelləri üzərində iş ötən ayın sonundan aparılır. Beləliklə, Cənubi Koreya istehsalçısı yeni nəsil smartfonların yaradılmasına “Galaxy S8” ilə müqayisədə 6 ay əvvəl başlayıb.  

Məlumata görə, hazırda şirkətin müvafiq şöbəsi yeni qurğunun əsas elementlərini, xüsusilə qurğunun panel səthinin əksər hissəsini tutacaq displeyi tamamlamaqla məşğuldur. İlk “OLED” ekran nümunələrinin tədarükü aprelinə ortalarına nəzərdə tutulur. Bir ay sonra şirkətin “Galaxy S9” üçün digər komplekt hissələrini də hazırlayacağı gözlənilir.
 
Yeni qurğu üzərində işə tez başlamağa səbəb kimi ötən il “Galaxy Note7” smartfonunun uğursuzluqla üzləşməsindən sonra keyfiyyətə nəzarət sisteminə tələblərin sərtləşdirilməsi göstərilir.

“Samsung Galaxy S9” smartfonunun texniki xüsusiyyətləri barədə danışmaq tez olsa da, şirkətin istehsal xəttində istifadə olunan konsepsiyadan imtina etməyəcəyi və yeni smartfonların hazırkı qabaqcıl model kimi eyni çərçivəsiz dizaynla təchiz ediləcəyi ehtimal olunur.  

Nizam Nuriyev 





07/04/17    Çap et