Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” şirkəti “iPhone 4S” smartfonunu təqdim edib
Dünən, oktyabr ayının 4-də Kupertinoda “Apple” şirkətinin icraçı direktoru Tim Kuk beşinci nəsil “iPhone” smartfonunu – “iPhone 4S”-i təqdim edib. Xarici görünüşünə görə model “iPhone 4”-dən fərqlənmir, lakin daha möhkəm "dəmirlə" təchiz edilib.
Yenilik 2 nüvəli “A5” prosessoru və yeni qrafik çiplə təchiz edilib. Yeni qrafik çip sayəsində qrafikanın emal sürəti “iPhone 4” ilə müqayisədə 7 dəfə artıb.
Yenilik həm “GSM”, həm də “CDMA” şəbəkələrində işləyə bilər, “HSDPA” dəstəklənməsi elan edilib. “iPhone 4S” smartfonunun avtonom iş müddəti danışıq rejimində (2G rejimində 14 saat) 8 saata, “3G” qoşulma (Wi-Fi ilə 9 saat) vasitəsilə şəbəkədə iş zamanı 6 saata, videoya baxdıqda 10 saata və musiqiyə qulaq asdıqda 40 saata çatır.
Əvvəlki nəsil “iPhone” smartfonundan daha bir fərq infra-qırmızı filtrlə, sürətləndirilmiş çəkilişlə olan 8 meqapikselli kameradır. “1080p” kəskinlikdə videoçəkiliş dəstəklənir.
“iPhone 4S”-in satışa 3 versiyası (16, 32 və 64 QB daxili yaddaş ilə) çıxacaq. Amerika operatoru ilə saziş bağlanması şərti ilə onların qiymətləri müvafiq olaraq 199, 299 və 399 dollar təşkil edəcək.
“iPhone 4S” smartfonunu oktyabr ayının 14-dən etibarən ABŞ, Kanada, Avstraliya, Böyük Britaniya, Fransa, Almaniya və Yaponiyada almaq mümkün olacaq, ilkin sifarişləri isə oktyabr ayının 7-dən etmək olar. Ayın sonuna kimi smartfon 28 ölkəyə, 2012-ci ildə isə daha 70 ölkəyə tədarük olunacaq.
05/10/11 Çap et