Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “Açıq İnnovasiyalar üzrə Startap Turu” öz işinə başlayıb


Bu gün Bakıda Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiya Federasiyasının "Skolkovo" Fondunun birgə təşkilatçılığı ilə Rusiya və MDB-də innovativ startapların axtarışı üzrə ən böyük tədbir hesab edilən "Açıq İnnovasiyalar üzrə Startap Turu"  ("Open Innovations Startup Tour") öz işinə başlayıb.

Açılış mərasimində qonaqları Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi nazir Ramin Quluzadənin adından salamlayıb. Nazirliyin şöbə müdiri Tahir Məmmədov  Açıq İnnovasiyalar üzrə Startap Turu"nun Bakıda təşkilinə görə Rusiyanın "Skolkovo" Fonduna minnətdarlığını bildirib. 
 
T.Məmmədov ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qeyri-neft sektorunun, o cümlədən yüksək texnologiyaların və innovativ inkişafın vəzifə kimi müəyyənləşdirildiyini vurğulayıb.

"Biz bu sahədə həmişə digər ölkələrlə, xüsusilə yaxın qonşumuz olan Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığa hazırıq. Tədbirin məhz Bakı Biznes Mərkəzində keçirilməsi təsadüfi deyil. Çünki, elə bizim iştirakçıların da son məqsədi ideyalarını biznesə çevirməkdir. Biz ümid edirik ki, birgə dəstəyimizlə onlar öz ideyalarını həyata keçirə biləcəklər".
 
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Oleq Muraşev isə qeyd edib ki, bugünkü tədbir Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf edir. ""Açıq İnnovasiyalar üzrə Startap Turu" dövlətlərimizin çoxşaxəli əməkdaşlığının daha bir mərhələsidir. Biz səmimi qəlbdən gənc sahibkarlara həm Azərbaycanda, həm də Rusiyada həyata keçirə biləcəkləri yeni uğurlu layihələr arzulayırıq. Güman edirik ki, "Skolkovo" Fondunun Azərbaycandakı missiyası gənc sahibkarlar üçün yeni imkanlar açacaq".

 "Skolkovo" texnoparkının baş direktoru Renat Batırov  vurğulayıb ki, bugünkü tədbir həm Rusiya regionları, həm də yeni ölkə ilə əməkdaşlıq üçün yaxşı başlanğıcdır, çünki yeni regionda "Skolkovo" Fondunun rezidentləri bir çox hallarda yerli bazarlara çıxış əldə edir, yeni sifariş və investisiyalar cəlb edir. "Biz rezidentlərimizin Azərbaycan bazarına daxil olmasında maraqlıyıq. Mən təkcə enerji şirkətləri bazarını deyil, biotibbi texnologiyalar, kənd təsərrüfatı, eləcə də turizm bazarını nəzərdə tuturam. Bununla yanaşı, biz Azərbaycan şirkətlərinin "Skolkovo" Fondunun rezidentləri olmasına, Rusiya bazarına çıxmasına və təqdim etdiyimiz bütün imkanlardan yararlanmasına şad olarıq".
 
Tədbir çərçivəsində ekspert və spikerlər komandası bütün gün ərzində mühazirə və master-klasslar vaxtı gənc sahibkarlarla müzakirələr aparıb. Bundan başqa, bütün arzu edənlər mentor sessiyasında iştirak edib, tərəfdaş inkişaf institutlarının və iri İT şirkətlərinin nümayəndələri iştirakçılara layihələrin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verib.
 
"Açıq İnnovasiyalar üzrə Startap Turu" startap komandalarının illik seçimində ilk mərhələdir. Layihələrin növbəti inkişaf mərhələləri "Startup Village" konfransı və "Açıq innovasiyalar" Forumu olacaq.
Turun başlıca məqsədi həm Rusiyada, həm də MDB-də texnoloji sahibkarlığın formalaşdırılması, inkişafı və perspektivli innovativ layihələrin axtarışıdır. Məhz buna görə layihənin coğrafiyası daim genişlənir. "Skolkovo" Fondu üçün "Açıq İnnovasiyalar üzrə Startap Turu" çərçivəsində ikigünlük tədbirin Bakıda keçirilməsi Azərbaycanın innovativ infrastrukturu ilə ilk və uğurlu əməkdaşlıqdır.
 
Artıq sabah - aprelin 18-də Bakı Biznes Mərkəzində müsabiqə iştirakçıları layihələrini ekspertlərdən ibarət münsiflər heyətinə təqdim edəcəklər. 



























17/04/17    Çap et