Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektrik cərəyanının köməyi ilə virtual obyektlərə toxunuşu hiss etməyə imkan verən sistem yaradılıb
Alimlər virtual reallıqda obyektlərə toxunuşları hiss etmək üçün elektrik cərəyanından istifadəni təklif ediblər.
Virtual reallıq dünyasında əsas problemlərdən biri istifadəçi və virtual obyektlər arasında əks-əlaqənin mövcud olmamasıdır. İT mütəxəssisləri və alimlər bu problemi həll etməyə çalışırlar. “CHI'17” konfransında Almaniyanın Hasso Plattner İnstitutundan olan alimlər komandası tərəfindən nümayiş etdirilmiş taktil sistem virtual divar və ağır obyektlərə toxunuşları ələ verilən elektrik cərəyanı vasitəsilə hiss etməyə imkan yaradır.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, alimlər “Samsung/Oculus GearVR” virtual reallıq sistemi və tibbi səkkizkanallı əzələ elektrostimulyatorundan ibarət qurğunun prototipini hazırlayıblar. Stimulyatoru çantaya yerləşdiriblər, onun elektrodlarını isə istifadəçinin bazu önünə və çiyinlərinə bərkidiblər. Virtual dünyadakı obyektlərə toxunuş zamanı elektrodlar ələ zəif elektrik cərəyanı verib.
Bu texnologiyanı yeni adlandırmaq olmaz, çünki o, uzun müddətdir fizioterapiyada tətbiq edilir. Ancaq virtual reallıq sahəsində bu texnologiya ilk dəfə uğurla tətbiq olunub.