Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gələcəyin kompüterləri işığın köməyi ilə məlumatları yadda saxlaya və emal edə biləcək


Dünyanın nəhəng korporasiyaları və alimləri daha güclü, sürətli və enerji səmərəli kompüterlər yaratmaq üçün birgə səy göstərirlər. Kanadanın Viktoriya Universitetindən olan kimyaçı alim Natiya Frank olduqca perspektivli texnologiya təklif edib. O, işığın köməyi ilə məlumatların yadda saxlanması və işlənməsi üçün nəzərdə tutulmuş “LI-RAM” adlı yeni materialı patentləyib. Nəticədə belə materialdan hazırlanmış kompüter və ya mobil prosessorlar az miqdarda enerji sərf edə, az istilik verə və uzun müddət işləyə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “LI-RAM” nəzəriyyədə müasir standartlarla müqayisədə enerji sərfiyyatını 10% azaltmağa imkan verir, bununla belə eyni zamanda verilənlərin daha sürətli ötürülməsini təmin edir. “UVic”in məlumatına əsasən, hazırda informasiyanın işlənməsi  texnologiyaları dünyanın enerji resurslarının təxminən 10%-ni sərf edir. “LI-RAM” ümumi standart olduğu halda bu göstərici 50% azalacaq.

Yeni material, həmçinin tibbi sahədə, günəş elementlərində və ​​bir sıra nanotexnologiyalar sahəsində tətbiq oluna bilər.

Natiya Frank hazırda beynəlxalq elektronika istehsalçıları ilə işləyir. Onun proqnozuna görə, “LI-RAM” materialı 10 il sonra kommersiya qurğularında tətbiq ediləcək.

Emil Hüseynov





19/04/17    Çap et