Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” iki yeni planşetini təqdim edib


Çinin “Huawei” şirkəti iki yeni planşet kompüterini nümayiş etdirib. 7 və 8 düymlük ekranla təchiz edilmiş “MediaPad T3” planşetləri yaxın gələcəkdə satışa çıxarılacaq.

7 düymlük model “Android 6.0” mobil əməliyyat sistemi ilə işləyən yığcam və ucuz planşetdir. Qurğu 1024x600 nöqtə təsvir ölçülü 7 düymlük “IPS” displey, 1,3 QHs takt tezlikli “MediaTek MT8127” prosessoru, 1 və ya 2 QB əməli yaddaş və 16/32 QB-lıq daşıyıcı ilə təchiz edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, bundan başqa planşetdə iki ədəd 2 meqapiksellik kamera, bütün əsas simsiz modullar dəsti mövcuddur və akkumulyator batareyasının tutumu 3100 milliamper/saat təşkil edir.

8 düymlük model 7 düymlük modeldən daha məhsuldar elektron içliyə malikdir. Sözügedən planşet 1,4 QHs takt tezlikli “Qualcomm Snapdragon 425” prosessoru, 1280x800 nöqtə təsvir ölçülü 8 düymlük ekran, 2/3 QB-lıq əməli yaddaş və 16/32 QB-lıq daşıyıcı ilə təchiz edilib.

8 düymlük ekranla təchiz edilmiş “MediaPad T3” modeli, həmçinin 5 və 2 meqapiksellik kameralar və 4800 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib. 8 düymlük model “EMUI 5.1” interfeysli “Android 7.0” sistemi ilə işləyir.

İstehsalçı hələlik qurğuların satışa çıxarılma tarixini və qiymətini açıqlamayıb.

Emil Hüseynov





20/04/17    Çap et