Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” üzrə məqsədyönlü maarifləndirmə tədbirlərinin əhatə dairəsi genişləndirilir


“Elektron hökumət” quruculuğu, sosial xidmətlərin elektronlaşması daim dəyişən, yenilənən prosesdir. Bu proses, eyni zamanda elektronlaşmada vətəndaşların iştirakının təmin olunmasını aktuallaşdırır. Yaranan zərurəti nəzərə alaraq, “Elektron hökumət”lə bağlı məqsədyönlü maarifləndirmə tədbirlərinin əhatə dairəsi genişləndirilir. Belə ki, “Elektron hökumət” infrastrukturu və onun mühüm komponentləri olan vahid portal və elektron imza üzrə növbəti maarifləndirici seminarlar Göygöl və Yevlaxda keçirilib.

Seminarlarda iştirak edən Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin eksperti Xalid Kazımov Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən, Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramı barədə iştirakçılara məlumat verib. Müasir dövrdə elektron xidmətlərin rolundan danışan X. Kazımov bu istiqamətdə mövcud vəziyyəti diqqətə çatdırıb.

Bildirilib ki, layihə çərçivəsində Ağdam şəhəri, Region Gender Mərkəzi İctimai Birliyinin ofisi, eləcə də Bərdə şəhəri, Regional İnsan Hüquqları Mərkəzi İctimai Birliyinin ofisində elektron xidmətlərin istifadəsi üzrə vətəndaşlara kömək göstərilir. İnternet və kompüter avadanlıqları ilə tam təmin olunan mərkəzlərə iş saatlarında istənilən elektron xidmətlə bağlı müraciət oluna bilər.

Daha sonra “Elektron hökumət” portalının əməkdaşı Günay Hüseynova “Elektron hökumət” portalının yaranması, inkişaf mərhələləri, elektron xidmətlər, elektron sənəd mübadiləsi, elektron imzanın üstünlüklərindən danışıb.

Portal üzrə ekspert Elvin Cəfərli isə ən çox müraciət olunan xidmətləri test edərək, iştirakçılara göstərib.

Seminar mövzu üzrə aparılan fikir mübadiləsi ilə yekunlaşıb.






25/04/17    Çap et