BMT qızların İKT sahəsində imkanlarını genişləndirməyə çağırır
Birləşmiş Millətlər Təşkilatı qızların informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində imkanlarını genişləndirməyə çağırır. Hazırda dünya ali təhsil müəssisələrinin bütün qız məzunlarının yalnız 3 faizi İKT ilə əlaqədar ixtisaslar üzrə təhsil alır. Oğlanlar arasında bu göstərici 10 faizə bərabərdir. BMT ekspertləri gender bərabərsizliyini aradan qaldırmağa və qızları dəqiq elmləri və riyaziyyatı öyrənməyə, eləcə də müasir informasiya texnologiyalarına yiyələnməyi təşviq etməyə səsləyir.
“ICTnews” Elektron Xəbər Xidməti BMT-nin
saytına istinadən yazır ki, aprelin hər dördüncü cümə axşamı Beynəlxalq Telekommunikasiya İttifaqı (BT) və bütün dünya ictimaiyyəti tərəfindən Beynəlxalq Qızlar Günü kimi qeyd edilir. Bu günün qeyd edilməsində məqsəd qızların və gənc qadınların sürətlə inkişaf edən İKT sahəsində imkanlarını genişləndirməyə və onların sahə üzrə peşə seçimini stimullaşdırmağa imkan verəcək qlobal mühitin yaradılmasıdır.
Son altı ildə texnoloji sektor və milli hökumətlər tərəfindən dəstək sayəsində dünyada qızların İKT-də rolunun artırılmasına yönələn yeddi minə yaxın tədbir keçirilib. Tədbirlərdə 240 min gənc proqramçı və tələbə qız iştirak edib.
Bu il də ənənə davam etdirilərək həftə ərzində dünyada müxtəlif seminar, simpozium və konfranslar keçirilib. Məsələn, aprelin 27-də Moskvada Azərbaycan, Belarus, Qırğızıstan, Moldova, Rusiya, Ukrayna və Özbəkistan nümayəndələrinin iştirakı ilə MDB ölkələri üçün videokonfrans rejimində regional seminar baş tutub.
Nizam Nuriyev